21:57 25-08-2020
news_image
183
FUTBOL

Gənclər Liqasının qalibi oldu – Raul Qonzalesin komandası

UEFA Gənclər Liqasında 2019/20 mövsümünə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən həlledici oyunları avqustda baş tutan turnirin final matçında İspaniya “Real”ı ilə Portuqaliya “Benfika”sı üz-üzə gəlib.

İsveçrənin Nyon şəhərində təşkil olunan “Dördlər finalı”nın həlledici oyunu məhsuldar alınıb. Yarımfinalda Avstriya “Zalsburq”una 2:1 hesabı ilə qalib gələn “Real” Niderland “Ayaks”ını üç cavabsız qolla darmadağın edən “Benfika” üzərində də qələbə qazanıb. 

Əfsanəvi Raul Qonzalesin baş məşqçisi olduğu Madrid təmsilçisi 3:2 hesabına sevinib. Bu, “Real”ın turnirdə ilk zəfəri olub. Finaldakı dublu komandasına kifayət etməyən Qonsalo Ramos İtaliya “Atalanta”sının futbolçusu Roberto Piççoliyə çatıb. Yarışın bombardirləri hərəyə 8 qol vurub.

Qeyd edək ki, bunadək 6 dəfə təşkil olunan turnirdə İspaniya “Barselona”sı (2013/14, 2017/18) və İngiltərə “Çelsi”si (2014/15, 2015/16) hərəyə 2, Avstriya “Zalsburq”u (2016/17) və Portuqaliya “Porto”su (2018/19) hərəyə 1 dəfə qalib olub.

UEFA Gənclər Liqası
Final
25 avqust
20:00. “Benfika” (Portuqaliya) – “Real” (İspaniya) – 2:3

Qonsalo Ramos, 49, 57 – Rodriges, 26, Enrike Joku, 45 (avtoqol), Qutyerres, 50