09:52 26-08-2020
news_image
396
FUTBOL

“Neftçi” cəlbedici rəqib deyil, Bakıya ölməyə gedirik” – “Şkupi”nin qapıçısı

“Bizi çox yaxşı və güclü rəqib gözləyir”.

Apasport.az saytının məlumatına görə, bunu Şimali Makedoniya klubu “Şkupi”nin qapıçısı Kristian Naumoski deyib.

32 yaşlı qolkiper klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyunu dəyərləndirib. Şimali Makedoniya millisinin sabiq üzvü Azərbaycan klubunu hərtərəfli öyrəndiklərini vurğulayıb: “Neftçi”nin güclü komanda olduğunu hamımız bilirik. Ancaq cəlbedici rəqib deyil. Artıq 3-4 gündür baş məşqçi ilə birlikdə Azərbaycan klubunu təhlil edirik. Baş məşqçimiz onların güclü və zəif cəhətlərini bizə bildirib. Bütün komanda şəklində Bakıdakı görüşə köklənmişik və əlimizdən gələni etməyə hazırıq. Start heyətində kimin meydana çıxmasının önəmi yoxdur. Şans əldə edən bütün oyunçular 90-95 dəqiqə maksimum gücünü sərf etməlidir”.

İddialı fikirlər səsləndirən Naumoski məqsədlərinin qələbə olduğunu deyib: “Rəqibin kimliyinin bizim üçün fərqi yoxdur. Çünki hədəfimiz hər matçda qalib gəlməkdir. Bakıya ağ bayraqla yollanmırıq, futbol oynamağa və meydanda ölməyə gedirik”.

Qeyd edək ki, “Neftçi” – “Şkupi” oyunu avqustun 27-də keçiriləcək. “Bakcell Arena”da baş tutacaq görüş saat 20:00-da start götürəcək.