17:17 26-08-2020
news_image
296
FUTBOL

Azərbaycan üçün sonuncu start – Avropa Liqasında

Avropa Liqasında qüvvəsini sınayacaq Azərbaycan klubları sabah mübarizəyə qoşulacaq.

Apasport.az saytının məlumatına görə, “Neftçi”, “Keşlə” və “Sumqayıt” I təsnifat mərhələsinin matçını keçirəcək.

Bu, Azərbaycan klublarının Avropa Liqasında son mövsümünün startı olacaq. Çünki növbəti ildən təmsilçilərimiz Çempionlar Liqası və yeni təsis olunan Konfrans Liqasında oynayacaq. Avropa Liqasına düşmək üçün təmsilçilərimiz ya Çempionlar Liqasında uduzmalı, ya da Konfrans Liqasının qalibi olmalıdır. UEFA reytinqinin ilk 15 ölkəsi sırasına düşmək də real görünmür.

Təmsilçilərimiz üçün Avropa Liqasında sonuncu mövsüm eyni gündəki üç qarşılaşma ilə start götürəcək. “Neftçi” və “Keşlə” bir oyundan ibarət mərhələnin matçını Bakıda keçirəcək.

Sonuncular Albaniyanın “Laçi” klubunu sınağa çəkəcək. 5 il əvvəl iki dəfə heç-heçə etdiyi bu rəqibi səfər qolu ilə keçən bakılılar yenə tur adlamaq əzmindədir. Yunis Hüseynovun rəhbərliyi altında ilk avrokubok sınağına “ASK Arena”da çıxacaq paytaxt təmsilçisi bir mövsümlük fasilədən sonra qitə səhnəsinə qayıdışını qələbə ilə qeyd etməyə köklənib.

Avropa Liqasındakı ən təcrübəli təmsilçimiz “Neftçi” Şimali Makedoniyanın “Şkupi” klubunu qəbul edəcək. Füzuli Məmmədovun rəhbərliyi altında uduzmayan paytaxt təmsilçisi gənc çalışdırıcının avrokubok debütündə də uğur qazanmalıdır. Dörd il öncə bu ölkənin digər klubu “Şkendiya”ya uduzan “ağ-qaralar” makedoniyalılardan qisas almaq əzmindədir. Vaxtilə “Neftçi”nin şərəfini qorumuş Elvin Yunuszadə isə rəqibin heyətində meydana çıxa bilər.

Ölkənin ən titullu klubunun qənimi “Şkendiya” isə Sumqayıtda qonaq olacaq. Avrokuboklarda debüt edən “Sumqayıt” ilk sınağına evdə çıxacaq. Ayxan Abbasov “Zirə”də olduğu kimi indiki komandasında da debütdə mərhələ adlamaq arzusundadır. 

Qeyd edək ki, Avropa Liqasında tur adlayan komandaların II təsnifat mərhələsindəki rəqibləri avqustun 31-də keçiriləcək püşkatmada bəlli olacaq.

Avropa Liqası
I təsnifat mərhələsi
27 avqust

20:00. “Neftçi” (Azərbaycan) – “Şkupi” (Şimali Makedoniya)
Hakimlər:
Aleksandrs Qolubevs, Raymonds Tatriks, Yevgeniys Morozovs, Artis Kenins (hamısı Latviya)
Bakı. “Bakcell Arena”

20:00. “Sumqayıt” (Azərbaycan) – “Şkendiya” (Şimali Makedoniya)
Hakimlər:
Arman Esmuratov, Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan (hamısı Qazaxıstan)
Sumqayıt. “Kapital Bank Arena”

21:00. “Keşlə” (Azərbaycan) – “Laçi” (Albaniya)
Hakimlər:
Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan)
Bakı. “ASK Arena”