20:42 26-08-2020
news_image
309
FUTBOL

"Neftçi" kağız üzərində favoritdir" – “Şkupi”nin baş məşqçisi

"Əvvəlcə pandemiya ilə əlaqədar Azərbaycana və "Neftçi"yə təşəkkür edirəm. Oteldə məskunlaşmağa kimi bizimlə xüsusi maraqlandılar. Qonaqpərvərliyə görə çox sağ olun. Bilirik ki, "Neftçi" yaxşı komandadır. Uzun müddətdir ki, avrokuboklarda çıxış edir. Pandemiya ilə bağlı təsnifat mərhələsi bir matçdan ibarətdir. Bu amil qarşılaşmalara təsir edir. Bəlkə bizə də xüsusi üstünlük yarada bilər". 

Apasport.az saytının məlumatına görə, bunu Şimali Makedoniyanın "Şkupi" komandasının baş məşqçisi Muharrem Bayrami Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə keçiriləcək görüşdən əvvəl mətbuat konfransında deyib.

35 yaşlı mütəxəssis bildirib ki, bir oyunda hər şey baş verə bilər: "Sabah çalışacağıq ki, qələbə qazanaq və növbəti mərhələyə yüksələk". 

O, komandalarında çıxış edən azərbaycanlı futbolçu Elvin Yunuszadə ilə "Neftçi" barədə söhbətləşməsindən də danışıb: "Püşkatmadan sonra Elvinlə danışdıq. O, bu klubda çıxış edib və "Neftçi"ni yaxşı tanıyır. "Neftçi" haqqında çox məlumatımız var. Onların son matçına baxmışıq. "Neftçi" kağız üzərində favoritdir".

Bayrami "Neftçi"dən daha çox rəsmi matça çıxmalarının onlar üçün üstünlük olmadığını sözlərinə əlavə edib: "Biz sadəcə 3 oyun keçirdik, 2 qələbə qazandıq və bir dəfə heç-heçə etdik. Bizim üçün xüsusi üstünlük sayıla bilməz. Bu amil o qədər vacib deyil. Komandamızda ab-hava çox yaxşıdır". 

Baş məşqçi digər Şimali Makedoniya təmsilçisi "Sileks"in Çempionlar Liqasında Azərbaycan çempionu "Qarabağ"a 0:4 hesabı ilə uduzmasının bu görüşlə heç bir əlaqəsinin olmadığını da bildirib: "Bizim öz komandamız var. "Sileks", "Qarabağ" və "Neftçi" başqa komandalardır. Bu mövsüm bizim daha yaxşı heyətimiz var. Sabah start heyəti müəyyənləşdirəcəyik".

Mütəxəssis "Neftçi"nin hansı mövqeyindən çəkindiyini söyləmək istəməyib: "Biz rəqibi yaxşı təhlil etdik. Amma detalları sirr olaraq saxlayacağam". 

Qeyd edək ki, avqustun 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlayacaq.