22:34 26-08-2020
news_image
221
FUTBOL

“Taktikamızı açıqlamayacam, bu, sirdir” - Ayxan Abbasov

“Arzu etdiyimiz gün yetişdi. Sabah Avropa Liqasının oyununu keçirəcəyik. Həmişə bunun xəyalında olmuşuq, artıq arzumuz reallaşır”. 

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçi Ayxan Abbasov deyib. 

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Şkendiya” qarşılaşması öncəsi “Kapital Bank Arena”da mətbuat konfransı təşkil olunub. Media mənsubları qarşısına çıxan Abbasov bildirib ki, meydan amili təmsilçimizin üstünlüyüdür: “Rəqibi analiz etmişik. Şimali Makedoniyanın ən məşhur klublarındandır. Taktiki göstərişləri düzgün yerinə yetirə bilsək, yaxşı nəticənin olacağına ümidvaram. Evdə oynayırıq, azarkeş olmasa da, bu, bizim üstünlüyümüzdür”. 

Abbasov komandanın oyuna hazır olduğunu qeyd edib: “Zədəlilərimiz yoxdur, hamı oyuna tam hazırdır. Əsas futbolçularımızın komandadan ayrılması, vaxtımızın və transferlərin azlığı bizə müəyyən çətinliklər yaratdı. Çempionatda isə cəmi bir tur oynamışıq. Amma bunun bəhanə olmasını, çətinliklər barədə düşünməyimizi istəmirəm. İnanıram ki, sabah uğurlu nəticə göstərəcəyik. Rəqibə gəldikdə, texnikalı, bir-birilərini başa düşən futbolçuları var. Eyni zamanda gənclər də çıxış edir. Fikrimcə, onları düzgün analiz etmişik”. 

Gənc mütəxəssis “Sumqayıt”ın meydana nəticə üçün çıxacağını da vurğulayıb: “Nəticə üçün oynayacağıq. Taktikamızı açıqlamayacam, bu, sirdir. Rəqibin üstün cəhətləri cinahdan daha çox asmalar etmələri və qısa ötürmələrlə müdafiəni yarmalarıdır. Uzaqdan qollar vuran oyunçuları da var. Bunların qarşısını almağa çalışacağıq”.