23:22 26-08-2020
news_image
2391
FUTBOL

“Qarabağ” səpələnmişlər səbətində - III təsnifat mərhələsində

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatması zamanı səpələnmişlər səbətində yer alacaq.

Apasport.az saytının məlumatına görə, buna səbəb II təsnifat mərhələsinin az öncə başa çatan “Lüdoqorets” (Bolqarıstan) – “Midtülland” (Danimarka) görüşünün nəticəsidir.

Bu qarşılaşmada qonaqların 1:0 hesabı ilə qalib gəlməsi Azərbaycan çempionu üçün münasib nəticə olub. Bolqarıstan klubunun uduzması Moldova “Şerif”inə 2:1 hesabı ilə qalib gələn “Qarabağ”ı səpələnməmişlər deyil, səpələnmişlər səbətinə salıb.

Məsələ ondadır ki, avqustun 31-də keçiriləcək püşkatmada Çempionlar yolu üzrə mübarizə aparan 10 komanda reytinqinə əsasən səbətlərə bölünəcək. “Qarabağ” bu komandalar arasına düşə biləcək iddiaçılar sırasında 6-cı nəticəyə malik idi. Bu isə onları ikinci “beşliy”ə düşməsi ilə nəticələnəcəkdi. 

Daha reytinqli 5 komandadan birinin büdrəməsi Ağdam klubunu səpələnməmişlərdən, yəni güclü rəqiblə qarşılaşmaq riskindən qurtaracaqdı. “Lüdoqorets”in mübarizəni dayandırması “Qarabağ”ın güclülər səbətinə yolunu açıb.