10:11 27-08-2020
news_image
391
FUTBOL

“Milan”a çatdı – “Qarabağ”

Avrokubokların dünən keçirilən təsnifat mərhələsi oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda ümumilikdə 430 komanda yer alıb.

Çempionlar Liqasının II təsnifat mərhələsində 11, Avropa Liqasında isə I təsnifat mərhələsinin 1 matçının nəticəsi cədvəldə bəzi dəyişikliklərə səbəb olub. Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ” reytinqdə irəliləyib.

Moldova “Şerif”i üzərində 2:1 hesablı qələbə qazanan Ağdam klubu son 5 mövsümün nəticəsinə əsasən hesabındakı xalları 20,500-ə çatdırıb. Bu göstəricidə “Milan” (İtaliya) və “Standard”a (Belçika) çatan “Qarabağ” onlarla 62-64-cü yerləri bölüşür. Qurban Qurbanovun yetirmələri “Feyenoord” (Niderland) və “Styaua” (Rumıniya) klublarını arxada qoyub.

Siyahıda təmsilçilərimizdən “Qəbələ” 178-189-cu yerləri bölüşürsə, “Neftçi” üçüncü “yüzlük”də qərarlaşıb. Bakı təmsilçisi 223-228-ci pillələrə şərikdir. Digər klublarımız isə “300-lük”dən kənarda qalıb.

Qeyd edək ki, reytinqə 111,000 xalla “Bavariya” (Almaniya) başçılıq edir.