10:42 28-08-2020
news_image
249
FUTBOL

Rəqiblərinin bilinəcəyi saat bəlli oldu - “Neftçi”nin

Avropa Liqasının növbəti püşkatmalarının başlama vaxtı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, avqustun 31-də II, sentyabrın 1-də III təsnifat mərhələsinin püşkü atılacaq.

UEFA-nın İsveçrənin mənzil qərargahında baş tutacaq hər iki tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Bu mərasimlərdə Avropa Liqasında mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Neftçi”nin öncə real, ertəsi gün potensial rəqibi bilinəcək.

Avqustun 31-dəki püşkdə Əsas yolda 72 klub 36 cüt təşkil edəcək. Bunlardan 25-i mübarizəyə yeni qoşulanlar, 47-si I təsnifat mərhələsinin qalibləridir. Çempionlar yolunda isə Çempionlar Liqasının ilkin və I təsnifat mərhələlərində uduzan 20 klub 10 cütü müəyyənləşdirəcək.

Ertəsi gün III təsnifat mərhələsinin püşkü atılacaq. Əsas yolda öncəki raundun, o cümlədən “Neftçi”nin yer aldığı 36 cüt və mübarizəyə yeni qoşulacaq 16 komanda iştirak edəcək. Onlar 26 cüt təşkil edəcək. Çempionlar yolunda isə öncəki raundun 10 qalibi və Çempionlar Liqasının II təsnifat mərhələsində uduzan 10 klubdan 8-i (digərləri birbaşa pley-offa düşəcək) mübarizə aparacaq. Onlar 9 cüt təşkil edəcək.

Qeyd edək ki, “Neftçi” I təsnifat mərhələsində Şimali Makedoniya klubu “Şkupi”yə (2:1) qalib gəlib.