11:00 28-08-2020
news_image
2358
FUTBOL

“Neftçi”dən sıçrayış, “Qarabağ”ın şəriki artdı – UEFA reytinqində

Avrokubokların dünən keçirilən təsnifat mərhələsi oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda ümumilikdə 430 komanda yer alıb.

Avropa Liqasının I təsnifat mərhələsində 43 matçının nəticəsi cədvəldə bəzi dəyişikliklərə səbəb olub. Azərbaycan təmsilçilərinin də mövqeləri dəyişikliyə uğrayıb.

Ən yaxşı təmsilçimiz “Qarabağ” 62-ci yerdə qalsa da, şərikləri artıb. Xal hesabını 20,500-ə çatdıran “Styaua” (Rumıniya) Azərbaycan çempionu, həmçinin “Milan” (İtaliya) və “Standard”a (Belçika) çatıb. Bu dörd komanda 62-65-ci yerləri bölüşür. 

Bu il avrokuboklarda oynamayan “Qəbələ”nin xal hesabı dəyişməyib. “Qırmızı-qaralar” 5,500 xala malikdir. 4 pillə geriləyən təmsilçimiz 182-193-cü yerləri bölüşür.

Avropa Liqasında “Şkupi”ni (Şimali Makedoniya) 2:1 hesabı ilə üstələyən “Neftçi” sıçrayışa nail olub. 5,000 xala malik bakılılar 11 pillə irəliləyib. Brest “Dinamo”su (Belarus), “Riqa” (Latviya) və “Hafnarfyordur”a (İslandiya) çatan təmsilçimiz 212-215-ci yerləri bölüşür.

“Keşlə”, “Sumqayıt”, “Səbail”, “Zirə” və “Kəpəz” 3,175 xalla 303-307-ci yerlərə şərikdir.

Qeyd edək ki, reytinqə 111,000 xalla “Bavariya” (Almaniya) başçılıq edir.