13:13 28-08-2020
news_image
3503
FUTBOL

Kölgəsində qalan “Qarabağ”, sistemsiz “Neftçi”, qorxaq “Keşlə” – klublarımız necə göründü?

“Qarabağ”dan sonra Avropa Liqasındakı təmsilçilərimiz də mübarizəyə qoşuldu.

Ancaq startdaca ikisi üçün avrokubok mövsümünün başlaması ilə bitməsi bir oldu.

Təəssüf ki, nə “Qarabağ”, nə “Neftçi”, nə də artıq Avropa səhnəsi ilə vidalaşan “Keşlə” ilə “Sumqayıt”ın çıxışı gələcəyə nikbin baxmaq imkanı verdi. Hələ yaxşı ki, bütün oyunlar Azərbaycana salınmışdı. Mərhələ adlayan “Qarabağ” və “Neftçi”nin də rəqibi ilə səfərdə oynadığını bir anlıq təsəvvürümüzə gətirək. Belə olsaydı, yəqin ki, indi 1 təmsilçimiz qalmışdı, o da Avropa Liqasında.

Klublarımızın ilk oyunlarına əsasən qısaca dəyərləndirmə aparmaq olar...

“Qarabağ” hələ hazır deyil
Hələ I təsnifat mərhələsində “Sileks”lə oyun göstərdi ki, “Qarabağ” əvvəlki gücündən qat-qat aşağıdır. Həm Şimali Makedoniya klubunu, həm də II raundda “Şerif”i gözəl və ya üstün oyun yox, sırf təcrübə sayəsində keçmək mümkün oldu. Bir saata yaxın azlıqda oynayan “Şerif” 60-cı dəqiqədən sonra “Qarabağ”ın hazırlıq durumunu üzə çıxardı. Alternativsiz heyətə malik çempionumuz fiziki və psixoloji cəhətdən hazırlıqsız, sıradan komanda təsiri bağışladı. Düzdür, Qurban Qurbanovun yetirmələri III mərhələdə səpələnmişlərdə yer alacaq. Ancaq bu cür performansla ardıcıl 3-cü qələbə çətin görünür. Təbii ki, meydan amilindən də çox şey asılı olacaq. Hazırda real durum budur ki, komanda əvvəlki “Qarabağ”ın kölgəsində qalıb.

Necə oynadığını bilməyən “Neftçi”
Avropa Liqasındakı əsas ümid yerimiz “Neftçi”nin mərhələ adlamasına heç kim doyunca sevinə bilmədi. Çünki “Şkupi” ilə oyun “ağ-qaralar”ın II mərhələni adlamaq şansını indidən möcüzəyə çevirdi. Şimali Makedoniya klubu birinci hissədə əlinə düşən şanslardan birini qola çevirsəydi, indi onlar potensial rəqiblərini gözləyirdilər. Dünən “Neftçi”nin hansı taktika ilə mübarizə apardığını, bəlkə də, heç futbolçular özləri də bilmirdilər. Bu da sistemsizlikdən qaynaqlanır. Komandanın bacardığı yeganə iş sadə paslarla oynamaq idi. Onda da elə səhvlərə yol verilirdi ki... Bəxtimizdən qonaq komanda bağışlayan çıxdı. Ən çox diqqətimi çəkən baş məşqçi Füzuli Məmmədovun durmadan kənardan drijor kimi futbolçuları idarə etməsi idi. Xüsusən də, Cabir Əmirli və Sabir Buqrin oyunboyu bilmədilər meydana köklənsinlər, yoxsa baş məşqçinin qışqırıqlarına qulaq asmağa. Peşəkar futbolçunu da meydana çıxandan sonra baş məşqçi idarə edirsə...

“Keşlə”nin penaltilər seriyasından xəbəri olmayıb?
“Keşlə” – “Laçi” oyununu televiziya qarşısından izləyən tamaşaçılar penaltilər seriyası həyəcanı yaşadılar. Yeri gəlmişkən, elə tribunalarda da az adam yox idi. “Keşlə”nin çempionat oyunlarına da təxminən bu qədər azarkeş gəlir. 120 dəqiqədə qol vurmamaq normaldır. Hər halda “Keşlə” rəqibdən qat-qat üstün komanda deyil. Amma təmsilçimiz penaltilər seriyası hələ başlamamış məğlub oldu. Çünki baş məşqçi Yunis Hüseynov “5-ci penaltini kim istəyir” sualını dəfələrlə səsləndirsə də, daşdan səs çıxdı, oyunçulardan çıxmadı. Təsəvvür edin, 5-ci penalti zərbəsi vurulmalıdır, rəqib qapıçı və hakim gözləyir, amma “Keşlə”də tərpənən yox idi. Ən sonda Con Kamaranın vurmasını istədilər, o da boyun qaçırdı. Komanda yoldaşlarındakı qorxaqlığı görən İlkin Qırtımov kapitan kimi özünü oda atmağa məcbur oldu. Futbolçu vaxtı penaltilərin mahir ifaçısı olan Yunis Hüseynov bu dəfə çarəsiz durumda qalmışdı. Öz adı iştirak ərizəsində olsaydı, yəqin ki, topa da o yaxınlaşardı. İlkin Qırtımov candərdi addımlayırdı, bu motivasiya ilə topu qapıdan keçirmək şansı yox idi. Matçdan sonra baş məşqçi penaltilər seriyasına hazırlaşdıqlarını desə də, mənzərə tam fərqli idi. Görünən o idi ki, “Keşlə” heç-heçə təqdirində penaltilər seriyasının olacağından ya xəbərsiz idi, ya da oyun ərzində qələbə qazanacağına şübhə etmirdi. 120 dəqiqə ərzində ehtiyatda oturan Ruslan Əmircanovun kənardan komanda yoldaşlarını yönləndirməsi, bir növ baş məşqçinin vəzifəsini yerinə yetirməsi isə başqa bir aləmdir.

Günahsız “Sumqayıt”
Avrokubok iştirakçılarımızdan yalnız “Sumqayıt” barədə tənqidi fikirlər səsləndirməyə adamın dili gəlmir. Hərçənd klub rəhbərliyi heyətdə böyük islahatlar aparmaqla xətaya yol vermişdi. “Şkendiya”ya məğlubiyyət nə baş məşqçi Ayxan Abbasovun, nə də futbolçuların günahı idi. Çünki bu heyətin rəqibini məğlub etməsi sensasiya olardı. Yenilənmiş, təcrübəsiz futbolçulardan qurulmuş kollektivdən uğur gözləmək yersiz idi. Üstəlik, nəzərə alaq ki, “Şkendiya” təmsilçilərimizə rəqib olan Şimali Makedoniya klubları arasında ən güclüsü idi. Ötən mövsümdəki heyət qalsaydı, “Sumqayıt”ın şansı heç də az olmazdı. Çox güclü yox, elə “Neftçi” və “Keşlə”dəki futbolçular Ayxan Abbasovun əlində olsaydı, əminəm ki, nəticə fərqli alınardı.

Ruslan Sadıqov