13:04 30-08-2020
news_image
368
FUTBOL

"Albasete"ni Azərbaycan millisindən üstün tutub - Eddi İsrafilov

"Albasete"nin yarımmüdafiəçisi Eddi İsrafilovun Azərbaycan yığmasının Millətlər Liqasındakı ilk iki oyununu buraxmasının səbəbi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatı bunun La Liqa-2 təmsilçisindən qaynaqlandığını yazıb.

Bildirilib ki, "Albasete"nin baş məşqçisi Lukas Alkaraz orta sahə oyunçusunun mövsümlərarası təlim-məşq toplanışında iştirak etməsini istəyib. Çalışdırıcı İsrafilovu əsas heyət üzvü kimi görür və onun hazırlıqdan kənarda qalmasını istəməyib. Bu səbəbdən də futbolçu seçimini "Albasete"nin xeyrinə edib və AFFA-ya gələ bilməyəcəyini çatdırıb.

Çünki İsrafilov millimizə qoşulsaydı, İspaniyaya döndükdən sonra koronavirus testindən keçməli və bunun cavabı çıxana qədər məşqlərdən kənar qalmalı idi. Bu isə onun klubun toplanışını və yeni mövsümün startını buraxmasına səbəb olacaqdı. Klubdakı mövqeyini itirmək istəməyən Eddi "Albasete" tərəfinin istəyini üstün tutub.

Qeyd edək ki, Eddi İsrafilovla yanaşı, "Aue"nin yarımmüdafiəçisi Dmitri Nazarov da eyni səbəbdən Azərbaycan yığmasının Lüksemburq (5 sentyabr) və Kiprlə (8 sentyabr) oyunlarının heyətində çıxarılıb.