09:56 31-08-2020
news_image
98
FUTBOL

“Keşlə” üzərində qələbə xüsusi idi” - “Laçi”nin baş məşqçisi

“Keşlə” ilə oyundakı ciddiliyi davam etdirsək, bu turnirdə çox irəliləyəcəyik”.

Apasport.az saytının məlumatına görə, bunu Albaniyanın “Laçi” klubunun baş məşqçisi Armando Kunqu Avropa Liqasının I təsnifat mərhələsində “Keşlə” ilə keçirilən oyun haqda danışarkən deyib.

Çalışdırıcı Bakıda baş tutan qarşılaşmada penaltilər seriyası sayəsində mərhələ keçən futbolçularını qəhrəman adlandırıb: “Hər bir qalibiyyət gözəldir. Ancaq “Keşlə” üzərində qələbə xüsusi idi. Çünki 50-60 dəqiqə azlıqda çıxış etdik, seçim imkanımız məhdudlaşdı. Emosional cəhətdən gücünüzün tükəndiyi anlar var, şansın bitdiyini düşünürsünüz. Ancaq mən uşaqlara inandım. Onlara qol buraxmadan matçı əlavələrə aparmaq üçün cəsarət verdim. Möhkəm müdafiə olunmağı və standart vəziyyətləri gözləməyi tapşırdım. Futbolçulara dedim ki, qəhrəman olmaq üçün həmin gecə gəldi”.

Kunqu Avropa Liqasında yollarına davam etmək şanslarına da toxunub: “Keşlə”nin təhlükəli komanda olması barədə çox söz dedilər. Uşaqlara bildirdim ki, futbolu bildiyimiz kimi oynamaq lazımdır. Bu qədər möhkəm olsaq, daha çox irəliləyə bilərik”.

Qeyd edək ki, “ASK Arena”da baş tutan qarşılaşmada 120 dəqiqə qapılara qol vurulmayıb və penaltilər seriyası ilə rəqibinə 4:5 hesabı ilə məğlub olan “Keşlə” avrokuboklarda mübarizəni dayandırıb.