14:55 31-08-2020
news_image
144
FUTBOL

“Mançester Yunayted”ə məşqçi verən komanda – “Qarabağ”ın rəqibi

Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”a rəqib olan “Molde” Norveçin ən yaşlı klublarındandır.

Apasport.az saytının məlumatına görə, eyniadlı şəhəri təmsil edən klubun əsası 1911-ci il iyunun 3-də qoyulub.

Ev oyunlarını 11800 tamaşaçı tutumuna malik “Aker” stadionunda keçirən 109 yaşlı “qoca”nın əsas uğurları son onilliyə təsadüf edib. Bunadək dəfələrlə ölkə çempionatının mükafatçısı olan “Molde” 1974, 1987, 1995, 1998, 1999, 2002, 2009-cu illərdə gümüş, 1977, 1988, 1990-cu illərdə bürünc medal əldə edib.

2011-ci ilin əvvəlində Norveç yığmasının və “Mançester Yunayted”in əfsanələrindən olan Ole-Qunnar Sulşer baş məşqçi postuna gətirilib. Məhz onun sayəsində titullar qazanılıb. Debüt mövsümündəki ilk çempionluq klubun 100 illik yubileyinə təsadüf edib. Bundan sonra daha iki dəfə - 2012 və 2014-cü illərdə qızıl, 2017 və 2018-ci ildə gümüş medal qazanan Sulşer “Mançester Yunayted”dən təklif alıb. Klub rəhbərliyi ona Premyer Liqada çalışmağa icazə verib. İndi də Mançester təmsilçisini çalışdıran Sulşeri “Molde”də Erlinq Mo əvəzləyib. O da ötənilki ilk mövsümündə komandaya 4-cü çempionluq sevinci yaşadıb.

“Qarabağ”ın rəqibi ölkə kubokunu da 4 dəfə - 1994, 2005, 2013 və 2014-cü illərdə qazanıb. 1982, 1989 və 2009-cü illərdə isə yalnız finalda uduzub.

Avrokuboklarda 1975-ci ildə debüt edən komandanın ilk ciddi uğuru 1999/2000 mövsümünə təsadüf edib. “Molde” həmin vaxt Çempionlar Liqasının qrupuna düşüb. 2012/13, 2015/16 mövsümlərində bunu Avropa Liqasında reallaşdıran norveçlilər 5 il öncə 1/16 finala da yüksəlib. Ötən mövsüm isə moldelilər pley-offda Avropa Liqası ilə vidalaşıb. Cari mövsümə gəlincə, komanda öncə evdə “KuPS”u 5:0, ardınca səfərdə “Çelye”ni 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu sentyabrın 15-16-da Bakıda keçiriləcək.