09:06 01-09-2020
news_image
324
FUTBOL

“Tələbə vaxtı “Qalatasaray”a azarkeşlik edirdim” – Kamran Quliyev

“Bizim üçün tarixi, sevindirici andır. Çünki “Qalatasaray” Bakıya gələcək”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev Avropa Liqasının II təsnifat mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

Türkiyənin “A Spor” kanalına müsahibə verən Bakı klubunun rəhbəri “Qalatasaray”a rəqib olmalarına münasibət bildirib. O, mükəmməl oyun gözlənildiyini söyləyib: “Matçın nəticəsindən asılı olmayaraq, bizim qardaşlığımız var. Əlbəttə ki, hər bir komanda mərhələ adlamaq, qrupa düşmək istəyir. Əsas odur ki, Türkiyənin 4 böyük klubundan biri ilk dəfə Azərbaycanda rəsmi matça çıxacaq. İnşallah, yaxşı mübarizə olacaq. Açığı, püşkdə “Qalatasaray”ın çıxacağını gözləyirdim. Dünən 3 potensial rəqib bilinəndə düşündüm ki, “Qalatasaray”a qarşı oynayacağıq. Bu mərhələdə rəqibin kimliyinin bizim üçün fərqi yoxdur. Sadəcə, “Qalatasaray”la düşməyimizə çox sevindim. Bayram ab-havası ilə oyuna çıxacağıq. Təkcə görüşün azarkeşsiz keçirilməsinə üzülürük. Amma nəticəsindən asılı olmayaraq, tarixə keçəcək oyundur”.

Quliyev Türkiyə nəhəngi ilə qarşılaşmaya qədər transfer danışıqlarını yekunlaşdırmağa çalışdıqlarını vurğulayıb: “Sırf “Qalatasaray”a görə yeni transferlər etməyi düşünmürük. Təbii ki, planımız var və həmin yolla da gedirik. 1-2 yeni futbolçu gətirməyi düşünürük. Çempionatımız da start götürüb, bir oyun keçirmişik. Transfer çalışmalarımız hələ bitməyib. İnanırıq ki, “Qalatasaray”la matça qədər transferlərimizi bitirəcəyik”.

“Neftçi”nin prezidenti Türkiyədə məhz “Qalatasaray” azarkeşi olduğunu da etiraf edib: “1995-96-cı illərdə Kiprdə tələbə idim. Orada universitetdə oxuyanda “cim-bom”a azarkeşlik edirdim. Amma indi “Qalatasaray”a əks tərəfdəyik. Bütün ağlım, ürəyim “ağ-qara”dır. “Cim-bom” da simpatiya bəslənilən komandadır. Sadəcə bu mübarizədə 100 faizlik “Neftçi”liyəm”.

Qeyd edək ki, "Neftçi" - "Qalatasaray" oyunu sentyabrın 17-də Bakıda keçiriləcək.