11:27 01-09-2020
news_image
271
FUTBOL

“Neftçi” ilə “Qalatasaray”ın fərqi - uçurum

Türkiyə mətbuatı Avropa Liqasının II təsnifat mərhələsində üz-üzə gələcək “Neftçi” ilə “Qalatasaray” arasında müqayisə aparıb.

Apasport.az saytının məlumatına görə, yerli KİV bu cütlükdə Azərbaycan təmsilçisinin şansını çox az olduğunu hesab edir.

“Qalatasaray”la “Neftçi” arasındakı uçurum” başlığı ilə yazılan məqalədə bildirilir ki, İstanbul nəhəngində təkcə kolumbiyalı hücumçu Radamel Falkaonun illik maaşı 5 milyon avrodursa, “Neftçi”də ən yüksək məvacib alan futbolçunun qazancı 250 min dollardır: “Azərbaycanın köklü klublarından olan “Neftçi” uğurlu günlərini axtarır. 8 çempionluğu olan, Avropa Liqasının qrupuna vəsiqə qazanan ilk Azərbaycan komandası “Qalatasaray” önünə əvvəlki gücündə çıxmayacaq. “Neftçi”nin ən böyük üstünlüyü ölkə çempionatının artıq start götürməsi və rəqibi önündə hazır çıxması olacaq”.

Həmkarlarımız “Qarabağ”ın ölkə futboluna dominantlıq etdiyini, 7 ildir çempionluğa həsrət qalan “Neftçi”nin ötən mövsümün gedişində Roberto Bordinlə vidalaşıb, baş məşqçi postuna Füzuli Məmmədovu gətirdiyini də qeyd edib: “Ancaq yerli mütəxəssis “Neftçi”nin oyun sistemini hələ oturda bilməyib. Müdafiədə və hücumda yaxşı təşkilatlanmayan, stabil görünməyən bir komandadır. Sistemini rəqibinə görə quran Bakı klubunun “Qalatasaray” önünə 4-3-2-1 düzülüşü ilə çıxması və müdafiəyəmeyilli oynaması gözlənilir”.

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək.