12:56 01-09-2020
news_image
94
FUTBOL

Təzyiqə məruz qaldı – Lüksemburq yığmasının baş məşqçisi

Millətlər Liqasının qrup mərhələsində ilk iki oyununu Azərbaycan və Monteneqroya qarşı keçirəcək Lüksemburq yığması hazırlığını davam etdirir.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Lük Holts bu gün komandasını yoxlama görüşündə sınayacaq.

Almaniyanın Bundesliqa III təmsilçisi “Saarbrüken”lə “Jozi Bartel” stadionunda üz-üzə gələcək komandanın 24 futbolçusundan biri hazırda düşərgədə deyil. Kristofer Martins İsveçrənin Lüksemburq üçün risk zonası sayılması səbəbindən komandadan ayrı qalıb. Onun Bakıya birbaşa Sürixdən yollanması variantı var.

Lüksemburq mətbuatı və futbol ictimaiyyəti isə hazırda klubsuz olan müdafiəçi Marvin Martins və yerli “Rasinq”in hücumçusu Daniel da Motanın yoxluğunu ciddi itki sayır, onları dəvət etmədiyi üçün baş məşqçiyə təzyiq göstərirlər.

Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda millimizin qonağı olacaq Lüksemburq yığması 3 gün sonra Monteneqronu qəbul edəcək. Millimiz isə sentyabrın 8-də Nikosiyada Kiprlə üz-üzə gələcək.