18:57 01-09-2020
news_image
709
FUTBOL

Kamran Quliyev: "Böyük klublardan biri futbolçumuzla maraqlanır" - MÜSAHİBƏ

"Neftçi"nin prezidenti Kamran Quliyev KİV nümayəndələrinin suallarını cavablandırıb.

Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə klub rəhbəri komandasının Premyer Liqadakı hədəflərindən və Avropa Liqasının ll təsnifat mərhələsində qarşılaşacaqları "Qalatasaray"la oyundan danışıb. 

- Türkiyə mətbuatına müsahibənizdən hiss olunur ki, sizdə intuisiya hissi çox güclüdür...

- Bu həm intuisiya, həm də istəklə bağlı idi. Soruşun bizim futbolçulardan, kim istəməz “Qalatasaray”a qarşı oynasın? Qələbə olsa – hansına ki biz inanırıq, üçqat, beşqat şirin olacaq. Klub, futbolçular, azarkeşlər üçün böyük bir matçdır.

- Qorxmursunuz ki, əksinə baş verə bilər?

- Nədən qorxum ki?

- Söhbət uduzmaqdan yox, böyükhesablı məğlubiyyətdən gedir?

- Nəinki klub prezidenti, siravi bir işçisi də qorxursa, o, “Neftçi”də işləyə bilməz. Burda qorxmaqdan söhbət getmir. Belə oyunlarda futbolçulara motivasiya vermək lazım deyil. Qarşısına çıxan klubun adı kifayət edir. Təbii ki, hər şey ola bilər. Amma biz meydana qələbə üçün çıxacağıq.

- İnamınız nəyə köklənir?

- İstəyə, fədakarlığa və ən əsası adımıza. “Neftçi”nin futbolçusu heç nədən qorxmamalıdır, istənilən rəqib qarşısına çıxıb, mübarizə aparmalıdır. Özü də qələbə əzmi ilə. Axı futbol adlardan ibarət deyil, əsas keyfiyyətdir. Bu da onlarda var. Ancaq hər şeyi keyfiyyətə bağlamaq olmaz. İstək var, bəxt amili də əhəmiyyətli rol oynamalıdır. Dueldə qalib bir oyunla müəyyənləşəcəyindən, hər şey ola bilər.

- Ötən yay avrokuboklarda çıxış edən komanda ilə hazırkını necə müqayisə edə bilərsiniz?

- Fərqli komandalardır. Bir neçə aparıcı futbolçu gedib. Kiminləsə özümüz yollarımızı ayırdıq, kiminsə müqaviləsi bitdi. Yeni gələnlərə iki oyuna əsasən qiymət vermək istəməzdim. Bu həm tezdir, həm də onları iki oyunluq gətirməmişik. Zaman lazımdır. Baxın, bazamız neçə ildir tikilir. Birdən-birə hər şey olmur, hələ də tikilməkdədir. Həm uyğunlaşma prosesini keçməlidirlər, həm də “Neftçi”yə layiq olub-olmayacaqlarını zaman göstərəcək.

- “Neftçi”nin transfer etmək istədiyi yeni hücumçunu gəlişinə nə mane olur? Pandemiyanın fəsadları?

- Xeyr, pandemiya ilə bağlı deyil. Bir çox hücumçular məşqçi heyətimiz tərəfindən izlənilir. 100 nəfərdən bəlkə 2-3-nü bəyənmişik. Baş məşqçimizin futbola olan baxışına, oyun fəlsəfəsinə, keyfiyyətlərinə uyğun gələndən sonra bu məsələ maliyyə müstəvisinə keçir. O baxımdan da problem yoxdur. Ad çəkmək istəmirəm, sadəcə onu deyə bilərəm ki, istədiyimiz transferlə bağlı məsələ bu gün – sabah bitməlidir. Elə futbolçular var ki, son anda başqa yerdən təklif alır. Daha rəqabətli liqadan və ya maliyyə cəhətdən cəlbedici təklif alırlar. Hər kəs bura gəlmir. Bunu siz özünüz məndən də yaxşı bilirsiniz. Bütün bu amillər üst-üstə düşməlidir ki, futbolçular bura gəlsinlər.

- Türkiyə mətbuatına iki futbolçunuza rəsmi təklif gəlməsi barədə açıqlamanız böyük əks-səda doğurdu. Bəlkə həmin oyunçuların adlarını deyəsiniz?

- Bizim futbolçularla maraqlanan xarici klublar var. Hətta böyük klublardan biri bizim bir oyunçumuzla maraqlanır. Sadəcə, danışıqlar hələ yekunlaşmayıb. Bu üzdən klubun və futbolçunun adını açıqlamağım düzgün olmaz. Həmin klub bizdən xahiş edib ki, həm özünün, həm də istədiyi futbolçunun adı çəkilməsin. Amma biləsiniz ki, bu,  söz xatirinə, reklam, gündəmi zəbt etmək üçün deyilmir. Niyə də olmasın.

- Həmin iki oyunçu yerli, yoxsa əcnəbidir?

- Biri yerli, biri əcnəbidir. Həm də maraq təkcə Türkiyədən deyil.

- “Qalatasaray”la oyundan sonra təklif alan futbolçularınızın sayı arta bilər. Bu, yaxşı mənada sizin üçün başağrısına çevrilə bilər. Bundan narahat deyilsiniz?

- Futbolçuların “Neftçi” kimi böyük klubdan rəqabətli liqaya getməsi həm mənəvi, həm də ola bilsin maddi cəhətdən maraqlı ola bilər.

- Ancaq onu da nəzərə alaq ki, mövsüm yeni başlayıb və onların yerinə oyunçu tapmaq problem yarada bilər?

- Bəli, çətinlik ola bilər. Hər şeyi nəzərə almalıyıq. Bilirsiniz, komponentlər var: futbolçunun gələcəyi, kluba gələcək xeyir. Bir şeyi də unutmamalıyıq ki, “Neftçi” Avropanın yüksək liqalarına futbolçu sata bilsə, oradakı skautlar Azərbaycan oyunçularına tez-tez baxacaq. Bildiyiniz kimi, biz futbolçu satan ölkə deyilik. Bu, çox nadir hallarda baş verir. Biz də istəyirik ki, dünyanın futbol biznesinə qoşulaq. Məsələn, Yusuf Naval. Düzdür, o, bu siyahıda yoxdur, çünki komandaya yeni gəlib. Ancaq o burada hansısa səviyyəyə yüksəlsə, niyə satıb pul qazanmayaq? Onun əvəzinə gənc və perspektivli futbolçu gətirmək imkanımız olar. Təbii ki, idman prinsipləri də maraqlıdır. Çempionatda qızıl medal qazanmaq istəyirik. Ancaq dünyada bütün klublar eyni zamanda futbolçu satışı ilə məşğuldur. Biz niyə bunu etməyək? Dünyada cəmi 3-4 klub var ki, futbolçu satmırlar, onlar da sizə məlumdur.

- Azarkeşlərin olmamağı həm futbol bayramını korlayacaq, həm də klubun maddi qazancına mənfi təsirini göstərəcək. Buna görə çox üzülmürsünüz?

- Çox böyük üzüntüdür. Əsl futbol bayramı azarkeşsiz ola bilməz. Tək oyunu götürməyək, oyun ərəfəsində nə qədər bayram ola bilərdi. Götürək Avropa Liqasının finalını. Həmin vaxt oyuna qədər nə qədər tədbirlər, şənliklər oldu. “Neftçi”nin və “Qalatasaray”ın keçmiş ulduzlarını dəvət etmək, onları fanatlarla görüşdürmək ola bilərdi. Bu qədər layihə reallaşa bilərdi... Ancaq reallığa baxmaq lazımdır. Bu gün nəinki ölkə, bütün dünya koronavirusla mübarizə aparır. Bu oyun eyni zamanda klubun kassasını zənginləşdirmək üçün bir vasitə idi. Əvvəlki dövr olsaydı, qadağalar tətbiq edilməsəydi, bu matçı hətta Bakı Olimpiya Stadionunda da keçirmək olardı.

- Baş məşqçiniz cəsarətli açıqlama verdi ki, mənim üçün “Qalatasaray”ı keçmək şansı 100 faizdir. Bəs klub prezidenti şanslar haqda nə düşünür?

- Klub rəhbəri olaraq həmişə demişəm ki, oyuna çıxanda hər iki komandanın şansları bərabər olur. Avropa yarışında isə, ümumiyyətlə, güclü-zəif anlayışı olmur. “Neftçi” adlı-sanlı klubdur, “Qalatasaray” da Türkiyə və Avropa üçün tanınmışdır. Burada zəif-güclü tərəfi tapmaq çətindir. Ola bilər kimsə favoritdir, ancaq bu, kağız üzərində belədir. Füzuli müəllim komandanı oyuna kökləmək, futbolçuları ruhlandırmaq istəyir. O, komandasına əmin olmalıdır. Biz meydana bir məqsəd – qələbə üçün çıxırıq. Buna görə də, baş məşqçimizin fikrini dəstəkləyirik.

- Püşkatmadan sonra “Qalatasaray” düşərgəsindən sizə zəng edən olubmu?

- Klubun idarə heyətindən tanıdığım insanlar var. Onlarla əlaqələrimiz olub. Dəfələrlə yazışdığım adam mənə smaylik işarəsi, salamlar göndərir. Yazır ki, bu qədər klubların arasında necə oldu biz rəqib düşdük. Orada Şükür Hanedar var, uzun müddət Fatih Terimlə bir yerdə işləyib. İtaliyada – “Milan”da, “Fiorentina”da da birgə işləyiblər. Onunla iki il əvvəl Avropa Klublar Birliyinin toplantısında tanış olduq. Dünən yazışdıq. Belə əlaqənin qurulması bizə tanışlıq mənasında köməkdir. Çünki bu klublarda bütün sahələr üzrə əməkdaşlıq var.

- İstəməzdiniz ki, “Qalatasaray”la daha sonra, məsələn, pley-offda görüşəsiniz?

- Əvvəla bizə bir oyun sərfəlidir. Çünki bir oyunda hər şey ola bilər. Bəlkə də, bir çox insanlar bizim şanslarımızın çox olmadığını düşünürlər. Hər keçilən mərhələyə görə kluba maddi vəsait gəlir, imkanlar açılır. Yenə də qismət bu imiş. “Neftçi” camiəsi üçün belə bir oyun bayramdır. Amma bir əmması var ki, insanlar stadionda ola bilməyəcək.
 

Ruslan Sadıqov