12:32 02-09-2020
news_image
174
FUTBOL

Bakıya ad gününə gələn hakim - Kris Kavanaq

Millətlər Liqasının Azərbaycan – Lüksemburq oyununu idarə edəcək ingiltərəli Kris Kavanaq ad gününü Bakıda qeyd edəcək.

Apasport.az saytının məlumatına görə, 1985-ci il sentyabrın 4-də anadan olan britaniyalı Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmadan bir neçə gün öncə ölkəmizə gələrək, 35 yaşını burada qeyd etmək imkanı qazanacaq.

Kavanaq hakimliyə uşaq yaşlarından başlayıb. Britaniyalı hakim kimi ilk addımlarını 13 yaşında atıb.

Mançesterdə anadan olan referi 2012-ci ildən Milli Liqa (gücünə görə 5-6-cı liqalar), 2014-cü ildən Futbol Liqasında (2-4-cü liqalar) qarşılaşmalar idarə etməyə start verib. 2017-ci ilin aprelində isə Kavanaq Premyer Liqada debüt edib. 

İngiltərəli hakim 2019-cu ildən FİFA dərəcəsi alıb. Onun aktivində 5 beynəlxalq oyun var. Kavanaqın debütü Avropa Liqasının Türkiyədəki “Malatyaspor” – “Partizan” görüşündə gerçəkləşib. Həmin matçda meydan sahibləri Serbiya klubuna 1 qolla qalib gəlib.

İdarə etdiyi 5 matçda Kavanaqın yolları Azərbaycan klubları ilə kəsişməyib. Bu oyunlarda meydan sahibləri üç, qonaqlar bir dəfə qalib gəlibsə, bir matçda heç-heçə qeydə alınıb. Penalti və qırmızı vərəqə ilə bağlı qərar verməyən ingiltərəli meydan sahiblərini 18, qonaqları 13 sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək Azərbaycan – Lüksemburq oyunu saat 20:00-da başlayacaq.