16:31 02-09-2020
news_image
235
FUTBOL

“Seriyanın qırılmasına imkan verməməliyik” – millimizin baş məşqçisi

“Komandamız normal rəqiblərlə üz-üzə gələcək. Püşkün nəticəsinə baxsaq, digər qruplarda daha güclü yığmaların yer aldıqlarını görə bilərik”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva deyib.

Braziliyalı mütəxəssis Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında AVRO-2022-nin seçmə mərhələsini dəyərləndirib: “Əlbəttə, heç bir rəqib zəif deyil. Türkiyə - Yunanıstan cütünün qalibi bizim rəqibimiz olacaq. Dostum 4 ildir ki, Yunanıstan millisində işləyir. Onun dediyinə inansaq, komandası cütün favoritidir. Nizam-intizamlı, gənclərdən ibarət kollektiv qurulub. Slovakiya ilə növbəti dəfə qarşılaşacağıq. Onlarla ötən il dünya çempionatının əsas mərhələsinin oyununda üz-üzə gəldik. Bakıda oynadığımız görüşdə 2:0 hesabı ilə qələbə qazansaq da, oyunun sonları çox çətin keçdi. Təcrübəli futzalçıları var, oyun zaman az səhv edirlər. Həmin rəqiblə elit-raundun oyununda da üz-üzə gəldik və görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşdı. Son bir ildə iki dəfə rəqib olduğumuza görə, bir-birimizi daha yaxından tanıyırıq. Moldovanı da təcrübəli, oturuşmuş heyəti olan komanda hesab edirəm. Onlarla da Bakıda qarşılaşdıq və çətin qələbə qazandıq. Əlbəttə, hər bir rəqibimizə, o cümlədən Moldovaya hörmətlə yanaşırıq. Qrupdan və rəqiblərdən razıyam. İndi hazırlıq planlarını qurmalı, bu şansı əldən verməməli, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmalıyıq. Birinci yer uğrunda mübarizə aparacağıq. Amma əsas vəzifə final mərhələsinə yüksəlməkdir. Buna qədər ardıcıl 5 qitə birinciliyinin həlledici mərhələsində iştirak etmişik. Seriyanın qırılmasına imkan verməməliyik”.

Qeyd edək ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilmiş püşkə əsasən Slovakiya, Moldova, Türkiyə/Yunanıstan cütünün qalibi millimizə rəqib olub.