17:18 03-09-2020
news_image
2519
FUTBOL

Millimizdə 50-ci oyunu keçirəcək – rusiyalı legioner

Millətlər Liqasının Lüksemburqla sentyabrın 5-də keçiriləcək oyunu Azərbaycan yığmasının futbolçusu Bədavi Hüseynov üçün yubileylə əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçi millimizdə 50-ci oyununu keçirəcək.

Rusiyalı legioner milliləşdikdən indiyədək 49 dəfə əsas yığmada meydana çıxıb. O, komandamızda 100-ü yarılayan 18-ci futbolçu kimi tarixə düşəcək. Burada rekord Rəşad Sadıqova məxsusdur – 111 oyun.

Hüseynov millidə 2012-ci il fevralın 27-də debüt edib. 8 il öncə Dubaydakı (BƏƏ) yoxlama matçında komandamız Hindistan üzərində qələbə qazanıb – 3:0. Müdafiəçi ölkənin əsas yığmasında 2 klubu təmsil edib. O, “Sumqayıt”ın üzvü kimi 2, “Qarabağ”lı kimi 47 dəfə şans qazanıb.

Millidə vitse-kapitanlardan olan arxa xətt oyunçusu dünya çempionatlarının seçmə mərhələlərində 10, Avropa çempionatlarının seçmə mərhələlərində 14, Millətlər Liqasında 6 dəfə şans qazanıb. Digər 19 qarşılaşma yoxlama xarakterli olub.

Bədavinin forma geyindiyi 49 qarşılaşmanın az qala yarısında – 24 dəfə yığma məğlubiyyət acısı yaşayıb. Onunla 13 qələbə qazanılıb, 12 dəfə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, Bədavi sentyabrın 5-də Lüksemburqa qarşı Bakı Olimpiya Stadionunda meydana çıxmasa, yubiley üç gün sonra Kiprlə səfər görüşünə qalacaq.