11:33 04-09-2020
news_image
157
FUTBOL

“Ən çətin rəqib Slovakiya olacaq” – millimizin hücumçusu

“Son illərdə Slovakiya yığması ilə ardıcıl oyunlar keçirmişik. Növbəti dəfə yenə rəqib olduq”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin hücumçusu Xətai Bağırov deyib.

Azərbaycan Futzal Federasiyasının rəsmi saytına danışan futzalçı milli komandanın AÇ-2022-nin seçmə qrup mərhələsində Slovakiya, Moldova və Türkiyə - Yunanıstanla düşdüyü qrupu dəyərləndirib.

O, bu qrupda ən güclü rəqibin Slovakiya olduğunu düşünür: “Moldova ilə son illərdə tez-tez üz-üzə gəlirdik. Düzdür, bu komanda ilə daha çox yoldaşlıq oyunlarında rəqib olmuşuq. Amma son seçmə mərhələdə ilk dəfə rəsmi matçda qarşılaşdıq. Hər iki rəqibimizi yaxşı tanıyırıq. Slovakiya ilə oyunlarımız çətin keçir. Qələbə qazansaq da, bu, asan başa gəlmir. Qrupda ən çətin rəqibimiz Slovakiya olacaq. Moldovanı da Bakıdakı rəsmi görüşdə çətinliklə məğlub etdik. Həmin vaxt oyunumuz da istədiyimiz kimi alınmadı, hamımız zəif çıxış etdik. Amma müqayisə etsək, yenə deyirəm, Slovakiya digərlərindən güclüdür. Bizə birinci yer uğrunda mübarizədə əsas çətinlik yaradacaq komanda onlar olacaq. Bunu deməklə digər rəqiblərimizə hörmətsizlik etmək istəmirəm. Əlbəttə, Moldova yığması da oyun zamanı istənilən səhvdən, boşluqdan istifadə edəcək gücdədir. Üçüncü rəqibimizin kimliyi pley-off oyunlarından sonra bilinəcək. Məncə, Yunanıstan millisi daha şanslı hesab olunur”.

Bağırov hədəflərinin final mərhələsinə yüksəlmək olduğunu bildirib: “Komandanın qarşısına hər zamankı kimi, yenə konkret tapşırıq qoyulacaq. Növbəti dəfə Avropa çempionatının final mərhələsində iştirak etməliyik. Ona görə də yaxşı hazırlaşmalı, heç bir rəqibə saymazyana yanaşmamalı, reytindəki üstünlüyümüzü meydanda da ortaya qoymalı və niyə favorit hesab olunduğumuzu oyunumuzla göstərməliyik”.