12:00 04-09-2020
news_image
1651
FUTBOL

Millimizdən start, de Byazidən debüt – Millətlər Liqasında

Sabah Azərbaycan milli komandası növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız Lüksemburqla qarşılaşacaq.

Bu, son oyunlarını 2019-cu ilin noyabrında keçirən millinin 2020-ci ildə ilk matçı olacaq. Koronavirus pandemiyası üzündən yoxlama görüşləri ləğv olunan komandamız ilə rəsmi matçla başlayacaq.

Yığma ikinci dəfə təşkil olunan Millətlər Liqasında mübarizəyə start verəcək. 2018/19 mövsümündə D liqasında uğursuz çıxış edərək, 1-ci yeri tutmaq şansından yararlanmayan milli turnirin formatındakı dəyişikliklər sayəsində C liqasına yüksəlib.

C liqasının 1-ci qrupunda qüvvəsini sınayan komandamız Lüksemburqla ev oyununda müsbət nəticə qazanmağa çalışacaq. Azarkeşsiz də olsa, doğma stadiona qədəm basacaq futbolçularımız həm turnirə, həm də ilə uğurla başlamağa çalışacaq.

Yeni baş məşqçi italiyalı Canni de Byazinin debütünün uğurlu alınması Kipr səfəri öncəsi müsbət ab-hava yaradacaq. Bakı Olimpiya Stadionundakı matçın nəticəsi yığmanın Millətlər Liqası perspektivi baxımından da önəmlidir.

Qrup qalibi kimi B liqasına yüksəlmək, bunun sayəsində də DÇ-2022-nin pley-offuna çıxmaq şansı qazanmaq iddiasını ortaya qoymaq üçün de Byazinin yetirmələri evdə xal itkisindən qaçmalıdır. Əks halda isə milli C liqasında qalmaq uğrunda mübarizə aparanlar sırasına aid ediləcək. Düzdür, ilk turda bu haqda danışmaq tez görünə bilər. Lakin cəmi 6 turdan ibarət turnirdə 3 ev oyununun hər biri çox dəyərlidir. 

Bakı Olimpiya Stadionundakı matçı İngiltərədən olan hakimlər idarə edəcək. Görüş saat 20:00-da başlayacaq.

Millətlər Liqası
C liqası, 1-ci qrup
I tur, 5 sentyabr
20:00. Azərbaycan - Lüksemburq

Hakimlər: Kristofer Kavanaq, Daniel Riçard Kuk, Sian Massi-Ellis, Pol Terni (hamısı İngiltərə)
Hakim-inspektor: Stefano Podeşi (San-Marino)
UEFA nümayəndəsi: Mətin Kazançıoğlu (Türkiyə)
Bakı Olimpiya Stadionu