14:36 04-09-2020
news_image
376
FUTBOL

İkinci cəhd – millimiz evdə uduzmur

Sabah Lüksemburqla keçiriləcək qarşılaşma ilə Azərbaycan yığması tarixində ikinci dəfə Millətlər Liqasında mübarizəyə qoşulacaq.

Apaspor.az sayrının məlumatına görə, millimizin ilk cəhdi 2018/19 mövsümünə təsadüf edib.

Həmin vaxt D liqasının 3-cü qrupunda mübarizə aparan komandamız uğursuzluğa düçar olub. Qurban Qurbanovun baş məşqçisi olduğu milliyə böyük ümidlər bəslənilsə də, qrup qalibi kimi C liqasına və AVRO-2020-nin pley-offuna yüksəlmək mümkün olmayıb.

Kosovo, Farer adaları və Malta ilə eyni qrupda yer alan yığmamız 2-ci yerlə kifayətlənib. Balkanlılardan geri qalan Qurbanovun yetirmələri Millətlər Liqasının ümumi yekun sıralamasında 55 komanda arasında 46-cı yerdə qərarlaşıb. Bu, islahatlar aparılan turnirin C liqasında yer almaq imkanından başqa heç nə verməyib.

2 qələbə qazanıb, yalnız Farer adalarını məğlub edən milli Malta ilə hər iki görüşdə, Kosovo ilə isə evdə bərabərə qalıb. Yığma sonuncularla qrup qalibinin həll olunduğu səfər görüşündə acınacaqlı məğlubiyyətə üzülüb. Bu, 2 qələbə və 3 heç-heçəsi olan millinin turnirdəki yeganə xalsız oyunudur.

Rəqib qapılarından 7 top keçirən yığmanın ən yaxşı bombardirləri Riçard Almeyda və Dmitri Nazarovdur. Hərəyə 2 qol vuran legionerlərimiz bu dəfəki qarşılaşmalara çağırılmayıb. Bu isə o deməkdir ki, yığmanın Millətlər Liqasındakı bombardiri dəyişə bilər. Hazırda heyətdə olan Təmkin Xəlilzadə, Araz Abdullayev və Mahir Emrelinin aktivində bir qol var. Adıçəkilən oyunçular Lüksemburqla sabah, Kiprlə sentyabrın 8-dəki görüşlərdə milliləşən legionerlərə çatmaq, hətta onları keçmək imkanına malikdir. Yığma vurduğu 7 topun qarşılığında 6 qol buraxıb.

Azərbaycan millisi 2018-ci ilin payızında keçirdiyi ilk cəhdində evdə uduzmayıb. Kosovo və Malta ilə bərabərliklərdən sonra yalnız son ev sınağında azarkeşlərini sevindirən Qurbanovun yetirmələri doğma meydandakı 3 matçda 5 xal toplayıb.

Azərbaycan Millətlər Liqasında
2018/19 mövsümü

7 sentyabr 2018. Bakı. Azərbaycan – Kosovo – 0:0
10 sentyabr 2018. Ta Qali. Malta – Azərbaycan – 1:1
11 oktyabr 2018. Torshavn. Farer adaları – Azərbaycan – 0:3
14 oktyabr 2018. Bakı. Azərbaycan – Malta – 1:1
17 noyabr 2018. Bakı. Azərbaycan – Farer adaları – 2:0
20 noyabr 2018. Priştina. Kosovo – Azərbaycan – 4:0