18:26 04-09-2020
news_image
195
FUTBOL

"Favorit Azərbaycan yığmasıdır" - Lük Holts

“İki zədəli futbolçumuz var. Onların vəziyyəti ilə bağlı bu gün gecəni gözləməliyik. Sabah oynayıb-oynamayacaqları barədə nəsə demək üçün hələ tezdir”.

Apasport.az saytının məlumatına görə, bunu Lüksemburq yığmasının baş məşqçisi Lük Holts Millətlər Liqasının qrup mərhələsində sabah Azərbaycan millisi ilə səfərdə keçiriləcək oyun barədə danışarkən deyib.

Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında 51 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Sabahkı heyət 3 gün əvvəl "Saarbrüken"lə keçirilən yoxlama görüşündəki heyət olacaq?

- Hələ yekun qərarı verməmişəm. Yəqin ki, eyni heyət olmayacaq. Çünki Kristofer Martins zədəlidir. Yekun qərarı sabah verəcəyik.

- Kristofer Martins dünən məşqdə iştirak etmirdi. Hansı ki, yığma üçün vacib futbolçudur. O, sabah oynaya bilərmi?

- Onun yüksək səviyyəli oyunçu olduğunu deməyə ehtiyac yoxdur. Kristofer İsveçrə çempionatında "Yanq Boyz"un heyətində ölkə kubokunun qalibi olub. Komandamız üçün nə dərəcədə önəmli futbolçu olduğunu bilirik.

- Azərbaycan yığması haqda hansı məlumatlara sahibsiniz?

- Azərbaycan baş məşqçisini yeni dəyişib. Onların oyun fəlsəfəsi barədə heç bilgiyə sahib deyilik. Ümumilikdə Lüksemburq və Azərbaycan yığması eyni səviyyədədir. Hər iki ölkədə uzun müddət çempionat dayanmışdı. Bu üzdən nəsə demək çətindir. 

- Necə düşünürsünüz, matçın favoriti Azərbaycandır?

- Düzdür, sabah oyuna ehtiyatlı başlamağa çalışmalıyıq. Necə müdafiə olunacağımıza köklənəcəyik. Çətin olacaq və matçın favoriti Azərbaycan yığmasıdır.

- İndiyə qədər Lüksemburq komandaları azərbaycanlılara qalib gələ bilməyib. Bunlar Azərbaycan yığmasının xeyrinədir. Bəs siz sabahkı görüşdə qələbə üçün nəyə bel bağlayırsınız?

- Xüsusi bir üstünlüyümüz yoxdur. Hansısa üstünlüyü vurğulamazdım. Bu bir oyundur.

- Tamaşaçıların yoxluğu futbolçuların oyununa hansısa təsir göstərə bilərmi? Serbiyada buna bənzər hal yaşamışıq...

- Tamaşaçıların olmamasının hansısa təsirinin olacağını düşünmürəm. Əsas məsələ meydanda aktivlikdir. İstəmirəm ki, meydanda yalnız müdafiə olunaq. Uzun müddətdir oyun olmadığı üçün sabah çətin olacaq.

- Olduqca ehtiyatlı danışırsınız. Həqiqətən də, rəqibdən çəkinirsiniz, yoxsa bu, azərbaycanlı oyunçuları arxayınlaşdırmağa yönəltmək üçün edilən gedişdir?

- Nəyə görə belə düşünürsünüz? Bu mənim mövqeyimdir. Burada gizli bir məqam yoxdur. Azərbaycanın Uels və Slovakiya ilə oyunlarında başabaş mübarizə gördüm. Bu komandalarla matçlarda elə ciddi bir fərq yox idi. Bu üzdən Azərbaycan millisini favorit sayıram.

- Kristofer Martins son vaxtlar daha çox oyun keçirib, nəinki Azərbaycan millisinin əsasını təşkil edən "Qarabağ" oyunçuları. Sizcə, bu amil üstünlüyünüzdür?

- Bunu üstünlük hesab etməzdim. Digər oyunçular 7-8 aydır oyun keçirmirlər. Bu üzdən ümumi durumu rəqiblə eyni sayardım.

- Azərbaycan millisi hazırda sirli qutu sayılır. Çünki baş məşqçi yenidir. Sabah nəyə diqqət yetirəcəksiniz?

- Bayaq vurğuladığım kimi, bu haqda fikir bildirmək çətindir. Ağlımda 2-3 ideya var. Onlardan ən uyğununu sabah tətbiq edəcəyik. Əsas müdafiə planında düzgün oynamalı və meydanda boşluq verməməliyik.

- Sizdə alman və fransız dilli futbolçular var. Lüksemburq futbolu mentalitet baxımından alman, yoxsa fransız futboluna yaxındır?

- Lüksemburq stili bizə daha çox uyğundur.