18:37 04-09-2020
news_image
290
FUTBOL

“Məqsədimiz qrupda 1 xal toplamaqdır” – Lüksemburq yığmasının futbolçusu

“Azərbaycan millisinin oyunlarının videosunu izləmişik”.

Apasport.az saytının məlumatına görə, bunu Lüksemburq yığmasının futbolçusu Kristofer Martins Millətlər Liqasında Azərbaycanla Bakı Olimpiya Stadionunda keçiriləcək oyunla bağlı danışarkən deyib.

Matç öncəsi mətbuat konfransında media nümayəndələrinin önünə çıxan 23 yaşlı yarımmüdafiəçi millimizin vitse-kapitanı Qara Qarayevi xüsusi fərqləndirib: “Rəqibin 2 nömrəli futbolçusunu xüsusi vurğulamaq istərdim. O, çox yaxşı keyfiyyətlərə malikdir və əsl komanda oyunçusudur”.

Futbolçu Millətlər Liqasındakı hədəflərindən də söz açıb: “Əsas məqsədimiz qrupda 1 xal toplamaqdır (gülür). Təbii ki, zarafat edirəm. Əsas məqsəd yaxşı oynamaq, hər oyuna qələbə üçün çıxmaqdır”.

Pandemiya ilə əlaqədar İsveçrədən Lüksemburqa qayıtmaqda çətinliklə üzləşən Martins məşq prosesini “Yanq Boyz”un düşərgəsində keçirdiyini söyləyib: “Yığmada olduğum üçün çox şadam. Yığmanın sabahkı matçını səbirsizliklə gözləyirəm. Meydana daxil olduğun zaman özünə əminlik yaranır. İsveçrədə klubumun heyətindəki son görüşdə qazanılan qələbə sabahkı oyunöncəsi mənə əlavə motivasiya verəcək. Mənim üçün dəyişən bir şey yoxdur, komandanın bütün oyunçularını tanıyıram. Azərbaycanla qarşılaşmada əsas vəzifəm hücumda çıxış etmək olacaq”.

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – Lüksemburq görüşü saat 20:00-da başlayacaq.