11:16 05-09-2020
news_image
220
FUTBOL

50-ci qələbəyə doğru – Azərbaycan millisi

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının 2020/21 mövsümünün I turunun Lüksemburqla matçı milli komandanın tarixində 257-ci qarşılaşma olacaq.

İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 256 matça çıxıb. Hesabında 49 qələbə, 69 heç-heçə olan yığma 138 dəfə uduzub. 

Komandamız Bakı Olimpiya Stadionunda xal qazansa, ya qələbə, ya heç-heçə sayında yubileyə imza atacaq. Belə ki, 50-ci qələbə və ya 70-ci heç-heçənin şahidi ola bilərik. Bu müddətdə 192 qol vuran futbolçularımız 432 top buraxıb.

Lüksemburqla qarşılaşma rəsmi turnirlərdə 133-cü matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 132 oyuna çıxan komanda 15 qələbə qazanıb, 27 heç-heçə edib və 90 dəfə uduzub. Rəqib qapılarına 77 qol vuran futbolçularımız 275-ni buraxıb.

Millətlər Liqasında 7-ci dəfə meydana çıxacaq yığma indiyədək 2 qələbə qazanıb, 3 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Milli 7 qol vurub, 6-nı buraxıb.

Lüksemburqla qarşılaşma həm də iki ilklə əlamərdardır. Koronavirus pandemiyası üzündən uzun müddət meydana çıxmayan yığma 2020-ci ildə ilk sınaq qarşısındadır.

Baş məşqçi Canni de Byazi millimizi ilk dəfə oyuna çıxaracaq. İtaliyalı mütəxəssis yığmamızı ən azı bir matça çıxaran 17-ci mütəxəssis olacaq. Ona qədər müvəqqəti bu vəzifəni icra edənlər də nəzərə alınmaqla 16 baş məşqçi yığmanın “sükanı arxası”nda olub. Debütü rəsmiləşəcək de Byazi yığmada 6-cı legioner və ilk italiyalı çalışdırıcı kimi tarixə düşəcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda Azərbaycan – Lüksemburq matçı saat 20:00-da başlayacaq.