14:12 05-09-2020
news_image
217
FUTBOL

“Qarabağ” – APOEL oyununun hakimi – millimiz üçün

Millətlər Liqasının II turunun Kipr – Azərbaycan oyununu idarə edəcək Filip Qlova təmsilçilərimizin oyunlarında yeni ad deyil.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı slovakiyalı indiyədək iki dəfə Azərbaycan komandalarının görüşündə ədaləti qoruyub.

2016-cı ildən FİFA dərəcəsi daşıyan referinin son belə oyunu ötən payıza təsadüf edib. Həmin vaxtda da slovakiyalı Azərbaycan və Kipr təmsilçilərini meydana çıxarıb. O, Avropa Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” – APOEL matçında fit çalıb.

2:2 hesablı heç-heçə ilə başa çatan matçda Qlova 4 sarı vərəqə göstərib. O, bir dəfə “Qarabağ”ı, üç dəfə qonaqları cəzalandırıb. Oktyabrın 24-dəki görüşdə Mahir Emreli xəbərdarlıq alıb.

2018-ci il martın 27-də Azərbaycan və İrlandiyanın U-21 yığmalarının matçında da ədaləti qoruyan referi millimizin səfər məğlubiyyətinə şahid olub – 0:1. Qlova futbolçularımıza 3, rəqibə 2 sarı vərəqə verib.

Qeyd edək ki, Kipr – Azərbaycan oyunu sentyabrın 8-də Nikosiyada baş tutacaq.