22:34 05-09-2020
news_image
308
FUTBOL

"Əvvəldən sona qədər baxımlı oyun sərgilədik" - Lüksemburq yığmasının baş məşqçisi

“Bugünkü oyunla qələbəyə layiq idik. Çünki əvvəldən sona qədər baxımlı oyun sərgilədik”.

Apasport.az saytının məlumatına görə, bunu Lüksemburq yığmasının baş məşqçisi Lük Holts Millətlər Liqasının qrup mərhələsində Azərbaycan yığması ilə keçirilən oyunu dəyərləndirərkən deyib.

C liqasının 1-ci qrupunun ilk turu çərçivəsində Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşma qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

51 yaşlı çalışdırıcı oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Təsəvvür edərdiniz ki, təxminən 10 ay futbol oynamayan komanda bu gün meydanda dominantlıq edəcək?
- Əvvəldən bu cür performansa inanmırdıq. Amma ikinci məşqdən sonra əmin oldum ki, baxımlı oyun göstərə bilərik. Bu gün də meydanda gözləntilərimiz özünü doğrultdu və layiqli qalibiyyət əldə etdik. Azərbaycan yığması 10 nəfərlə qaldıqdan sonra müdafiəyə çəkildi. Bu da bizim işimizə yaradı.

- Azərbaycan yığmasının ilk dəqiqələrdən müdafiə futbolu oynamasına təəccübləndiniz?
- Xeyr, heç də təəccüblənmədim. Yeni baş məşqçinin 4-4-2 sxemi ilə oynadacağını təsəvvür edirdim. Futbolçularımdan bu gün razı qaldım. Xüsusən də, 0:1 hesabından sonra futbolçular yaxşı çıxış etdilər.

- Vahid Selimoviç niyə start heyətində başlamışdı?
- Onun performansından razıyam. O, digərlərindən daha təcrübəlidir və oyun praktikası baxımından hazırdır.

- Penaltini Gerson Rodrigesin vuracağı öncədən müəyyənləşdirilmişdi?
- Bəli, bu, əvvəlcədən planlaşdırılmışdı. Siyahıda 3 futbolçunun adı var idi. Rodriges də onlardan biri idi. Bu, gələcək üçün də keçərlidir.

- Orta sahə bu gün çox yaxşı idi. Gələcəkdə hansısa dəyişiklik etmək planınız var?
- Mənim futbol fəlsəfəm ondan ibarətdir ki, bütün mövqelərdə keyfiyyətli oyunçular yer almalıdır. Bu gün dominantlıq etməyimiz son vaxtlar görünməyən hal idi. Həqiqətən də, çox yaxşı çıxış etdik.

- Dünən demişdiniz ki, rəqiblər barədə çox məlumata sahib deyilsiniz. Bu gün fikrinizdə hansısa dəyişiklik var?
- Əsasən Monteneqronu qrupun favoriti hesab edirəm. Digərləri orta səviyyəli görünür. Ümid edirəm ki, qarşıdakı oyunlarda da bugünkü performansı sərgiləyərik.

- Azərbaycan bu gün hər şeyi özü etdi: penalti, qırmızı vərəqə, avtoqol. Qarşıdakı matçlarda da rəqiblərdən bunu gözləyirsiniz?
- Açığı, bunları gözləmirdim. Bizim öz oyun tərzimiz var. Əlimizdən gələni etdik. Göstərdiyimiz performans qalibiyyətə layiq olduğumuzu göstərdi. Bunlar Azərbaycanın qələbəsinə mane olan amillər deyildi. Biz bu gün qələbəyə layiq çıxış etdik.

- Bu gün Lüksemburqun oynadığı futbol idisə, Azərbaycanın göstərdiyi nə idi?
- Ola bilsin ki, Azərbaycan yığmasının yeni baş məşqçisinin fəlsəfəsi belədir. Əvvəlki illərdə Azərbaycan yığmasının futbol üslübundakı inkişaf daha çox idi. Xüsusən də, ispan üslublu futbol görürdük. Ola bilsin ki, baş məşqçi dəyişikliklər etmək istəyir, müdafiəyə xüsusi diqqət ayırır. Bəlkə də, keçid dövrünü hələ tam başa vurmayıblar.

- Oyundan əvvəl Azərbaycanın favorit olduğunu demişdiniz. Bu gün isə Monteneqronu favorit sayırsınız...
- Azərbaycanı Lüksemburqa qarşı favorit görürdüm. Monteneqro isə qrupun favoritidir.

- Lüksemburq yığmasının sonuncu dəfə rəsmi matçda səfərdə nə vaxt qələbə qazandığını xatırlayırsınız?
- Təxminən 18-19 qələbəmiz var. Ötən il də Malta, San Marino və Moldova ilə oyunlarda qələbə qazanmışıq.