14:33 06-09-2020
news_image
568
FUTBOL

İndiki yığmaya şükür edəcəyik - o forma üçün döyüşməyən...

Rəzalət, fəlakət, fiasko, biabırçılıq... Vallah, bunları birləşdirsək, ümumi təsir gücü yığmamızın dünənki oyununu təsvir etməyə yetməz.

Yoxdur, qardaş, Azərbaycanda futbolçu yoxdur. Biz futbol azarkeşini niyə qınayırıq? "Azərbaycanda futbol yoxdur" deyəni niyə gözümçıxdıya salırıq? Lüksemburqla oyun televizor qarşısında əsəbdən dəliyə dönən insanları haqlı çıxarmır?

Yaxşı ki, matçlar azarkeşsiz keçir. Belə oyun üçün vaxtını sərf eləməyə, gecə yol yorğunu olub stadiona yollanmağa, səhər də işə yuxusuz getməyə dəyməz.

Bəli, futbolumuzda dəyişiklik var. Hər il deyirik ki, Azərbaycan tarixinin ən zəif yığmasıdır. Bu onu göstərir ki, ildən-ilə geriləyirik, yeni gələnlər köhnələri gündüz şamla axtarmağa məcbur edir. Bu gedişlə iki ildən sonra da indiki yığmaya şükür edəcəyik.

Top-top oynayanlarımız yəqin ki, bu məğlubiyyətə görə də mükafat alarlar. Onları da qınamıram, kim oturduğu yerdə gələn puldan imtina edər? Futbol sizlik deyil, oynamağı bacarmırsız, başa düşdük. Heç olmasa qaçmağa, döyüşməyə, o forma üçün vuruşmağa cəhd edin. Ayıbdır, hələ utanmaz-utanmaz oyundan sonra televiziya qarşısında dişlərinizi ağardırsınız. Pandemiyanın vurduğu zərbəyə baxmayaraq, çörək pulu tapmaq üçün vurnuxan insanlarda olan Vətən, bayraq sevdası, milli ruhun bir qramını layiq olmadan aldığınız yüz minlərin fonunda da göstərə bilmirsiniz. Mənim bu komandaya milli deməyə nə dilim gəlir, nə də əlim yazmaq istəyir.

Gör, nə günə qalmışıq ki, Lüksemburq kimi “cırtdan” ölkənin komandasının baş məşqçisi bizə təsəlli verir, üstüörtülü "çalışsanız, bizim kimi ola bilərsiniz" deyir. İki cümləsindən biri də "dominantlıq etdik" idi. Bəlkə də, həyatında ilk dəfədir bu fikri deyir. O Lüksemburq ki, vaxtilə oynatmağa futbolçu tapmırdı, taksi sürücüsünü, həkimi, müəllimi, ustanı işindən-gücündən edib, oyuna aparırdı. Amma indi milli komandalarının tərkibində 17 legioner var. Həmin dövrlərdə bizdə futbolçu var idi, şərait yox idi. İndi şərait var, futbolçusuz qalmışıq. Futbol başbilənlərimiz, AFFA-mız, klublarımız bu durumdan utansınlar. Gözdən pərdə asmaq üçün uşaq futbolunda çempionatlar keçirməyə ehtiyac yoxdur. Ondansa, birdəfəlik "mağazini bağlayın", Dağıstandan, Almaniyadan, Türkiyədən oradakılara lazım olmayan "otxod"ları rahat bura doldurmaqda davam edin.

Canni de Byazi... Bu yazıq hara düşdüyünü hələ bilmir. Əlini niyə oynatdın, Vəlini niyə çağırmadın?.. Guya Ramil Şeydayev əvəzlənməsəydi, Adil Nağıyev oyuna qoşulmasaydı udacaqdıq? İngilis hakimin start fitindən bizimkilər külək kimi əsməyə başlamışdılar. Deyirik ki, Adil Nağıyevin yığmada nə işi var? Baş məşqçi ölkəmizə təzə gəlib, baxır ki, çempionatda 90 dəqiqə normal oynayır. Daha nə bilsin ki, qarşısındakı da elə onun günündədir? Bu mənada seçimində hansısa səhvlər etməsi normaldır.

Etiraf edirik ki, cırtdan ölkənin komandası Bakıda Azərbaycan yığması üzərində qələbəyə layiq idi. Bu sözlər artıq "Azərbaycanda futbol(çu) yoxdur" fikrini təsdiqləmir?

P.S. Xahiş edirəm, "Qarabağ"ın uğurlarını arqument kimi ortaya qoyub əksini sübut etməyə çalışmayın. "Qarabağ"ın sırf yerli futbolçularla neçə il uğur qazana bilmədiyini də görmüşük.

Ruslan Sadıqov