22:36 06-09-2020
news_image
211
FUTBOL

Millimizin evdə uduzduğu ən zəif rəqib - Lüksemburq

Lüksemburq millisi Azərbaycan yığmasının tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, “cırtdan ölkə” təmsilçisi komandamıza səfərdə qalib gələn ən zəif rəqib adını qazanıb.

Təbii ki, güclü və zəif ifadələri nisbi xarakter daşısa da, FİFA reytinqi yığmaların səviyyəsi barədə müəyyən fikir formalaşdırır. Lüksemburq da evdə uduzduğumuz ən aşağı reytinqli komanda ünvanına yiyələnib.

Millətlər Liqasının I turunun Bakı Olimpiya Stadionundakı matçında 2:1 hesabı ilə qalib gələn Lük Holtsun yetirmələri oyuna dünya reytinqində 98-ci kimi çıxıb. Bu, 114-cü olan Azərbaycan millisindən 16 pillə yuxarıda olmaq deməkdir.

Bunadək komandamızın antirekordu 96-ya bərabər idi. Yəni, yığmamız evdə FİFA reytinqinin 96-cısına uduzmuşdu. Bu, 2011-ci il avqustun 10-da baş verib. Şimali Makedoniya millisi yoxlama matçında 1:0 hesablı qələbə qazanıb. Lüksemburq isə balkanlılardan da iki pillə aşağı komandadır.

Amma makedoniyalılara rəsmi turnilər çərçivəsində uduzmamışıq. Dünya və Avropa çempionatlarının seçmə oyunları, həmçinin Millətlər Liqasında evdə uduzduğumuz ən aşağı reytinqli komandalar isə dünyanın 78-ciləri olub. Yəni Lüksemburqdan 20 addım yüksəkdə olanlar.

DÇ-1998-in seçmə mərhələsində Macarıstan 3:0, Finlandiya isə 2:1 hesablı qələbə qazandığı vaxt Bakıya 78-ci kimi gəlmişdi.

Qeyd edək ki, Azərbaycan millisi tarixində 41-ci ev məğlubiyyətini alıb.