10:22 07-09-2020
news_image
147
FUTBOL

Ən yaxşısı D liqasında oynamaqdır - millimizin qrupdakı əsas rəqibi

Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda yer alan Kipr millisinin 2020/21 mövsümündə heç bir iddiası yoxdur.

Apasport.az saytının məlumatına görə, bu barədə Kipr mətbuatı yazıb.

Qrupda Monteneqro ilə keçirilən ilk görüşü dəyərləndirən yerli KİV 0:2 hesablı məğlubiyyəti normal qəbul edib. Həmkarlarımız yeni baş məşqçi Yohan Valemin gəncləşdirmə siyasəti apardığını, 18-19 yaşlı oyunçularla gələcəyin komandasını qurmağa çalışdığını vurğulayıb.

Kiprlilər yığmalarını qrupun autsayderi gözündə görürlər. Bu mənada onları evdə Lüksemburqa yenilən (1:2) digər autsayder olan millimizin əsas rəqibi saymaq olar: “Növbəti matçda Azərbaycanı da məğlub edə bilməsək təəssüflənəcəyik. İndiki mərhələdə Kipr yığması üçün ən yaxşı variant D liqasında Malta, Farer adaları, San Marino, Andorra kimi komandalarla mübarizə aparmaqdır. Çünki baş məşqçi bu günün deyil, gələcəyin kollektivini formalaşdırır”.

Qeyd edək ki, Kipr yığması C liqasında 1-ci qrupun II turu çərçivəsində sentyabrın 8-də Nikosiyada Azərbaycan millisini qəbul edəcək.