12:27 07-09-2020
news_image
264
FUTBOL

“Neftçi”nin dava-dalaşının şahidi – klublarımızı uduzdurmayan şotland

Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Qalatasaray” matçının hakimi Kevin Klensi Azərbaycan komandalarına kifayət qədər tanış simadır.

Apasport.az saytının məlumatına görə, şotlandiyalı referi 5-ci dəfə təmsilçimizin matçında ədaləti qoruyacaq.

O, ilk olaraq 2012-ci il iyulun 12-də Avropa Liqasının I təsnifat mərhələsində “İnter” – “Trans” (Estoniya) oyunu üçün ölkəmizə gəlib. Bir həftə əvvəl səfərdə 5:0 hesabı ilə qalib gələn “İnter” evdə də rəqib qapısından 2 cavabsız top keçirib.

Həmin il oktyabrın 19-da 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində İspaniya – Azərbaycan görüşündə fit çalan Klensi millimizin Bolqarıstanda 0:2 hesablı məğlubiyyətinin şahidi olub.

37 yaşlı hakim 2015/16 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində “Mladost” – “Neftçi” matçında iş başında olub. Bakıda 2:2 hesablı heç-heçədən sonra tərəflər Podqoritsada da 1:1-lik bərabərliyə imza atıb. Səfər qolları sayəsində serbiyalılar mərhələ adlayıb. Həmin qarşılaşmadan sonra baş verən kütləvi dava səbəbindən şotlandiyalı “Neftçi”nin 2 oyunçusuna – Ailton Silva və Maksim Vayloya qırmızı vərəqə göstərib.

Klensinin 2016/17 mövsümündə təmsilçilərimizlə yolu bu dəfə Çempionlar Liqasında kəsişib. Həmin vaxt II təsnifat mərhələsində “Düdelanj” – “Qarabağ” qarşılaşmasını UEFA ona həvalə edib. 8 gün əvvəl Bakıda 2:0 hesablı qələbə qazanan Azərbaycan çempionu Lüksemburqda məğlubiyyətdən son anda qurtulub – 1:1.

Göründüyü kimi, Kevin Klensi klublarımızın yalnız cavab oyunlarını idarə edib. Bunun ikisində rəqibi üstələmək mümkün olubsa, birində təmsilçimiz mübarizəni dayandırıb.

Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.