13:11 07-09-2020
news_image
423
FUTBOL

“Səbail”də böyümək istəyirəm” – qvatemalalı qapıçı

“Azərbaycan klubundan gələn təkliflə bağlı danışıqların bir neçə ayından sonra videoları izlədim və mənə inandıra bildilər ki, orada məşqçilər futbolçuları necə sevir. Yekunda istəyimi reallaşdırdım. Məqsədim xəyallarımı yaşamaq və buna burada başlamaq idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in yeni transferi Nikolas Hagen ESPN nəşrinə müsahibəsi zamanı deyib.

Ölkəsinin “Munisipial” klubundan Bakı təmsilçisinə keçidini dəyərləndirən Qvatemala millisinin qapıçısı Azərbaycana yollanma səbəbindən bəhs edib: “Maddi məsələ mənim üçün ən az əhəmiyyət kəsb edən amildir. Axtardığım şey xəyaldır, böyüməyə davam etmək, daha yaxşı olmaqdır. Özümü göstərmək, böyümək, futbol haqda çox şey öyrənmək imkanı verən bir layihə axtarırdım. Yalnız buna köklənmişəm. Təkcə futbolçu kimi yox, insan olaraq da hərtərəfli böyümək istəyirəm. Ümid edirəm ki, “Səbail”də buna nail ola bilərəm”.

24 yaşlı qolkiper Azərbaycan çempionatında çıxış edən komandaların bərabər gücdə olduğunu düşünür: “Azərbaycan Premyer Liqasında mövsüm yeni start götürüb. İlkin təəssüratlarıma əsasən deyə bilərəm ki, sürətli futbola və topa sahib olmağa üstünlük verilir. Komandaların gücü bir-birinə yaxındır. Daha az səhv edən qələbə qazanır. Oyunların çoxunda yüksək temp olur. Aldığım xoş mesajlara, mənə göstərilən dəstəyə görə təşəkkür edirəm. Qvatemala adını uca tutmaq üçün normaldan üç dəfə çox çalışacağam”.

Qeyd edək ki, Nikolas Hagen “Səbail”lə 1 illik müqavilə bağlayıb.