19:49 07-09-2020
news_image
256
FUTBOL

"Qrupdakı vəziyyətimizi düzəltmək istəyirik" - Canni de Byazi

"Təəssüf ki, ilk oyunda Lüksemburqa məğlub olduq".

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi Millətlər Liqasının qrup mərhələsinin II turunda Kiprlə keçiriləcək oyun barədə danışarkən deyib.

İlk turda Bakıda Lüksemburqa məğlub olan komandamız (1:2) sabah Nikosiyada Kiprlə üz-üzə gələcək.

İtaliyalı mütəxəssis oyunöncəsi mətbuat konfransında yığmamızın şanslarını dəyərləndirib: "Kipr də bizim kimi, birinci matçında uduzub. Lüksemburqla oyun çox çətin oldu. Sabah da bizi ağır görüş gözləyir. Uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik".

- Sabah hava çox isti olacaq. Bu sizə problem yaratmayacaq?
- Bəli, hava istidir. Amma bu problem deyil. Sabah qələbə qazanmaq və qrupdakı vəziyyətimizi düzəltmək istəyirik.

- Hər iki komandanın baş məşqçisi və futbolçu heyətində yeniliklər var. Bu durum sabahkı oyunda Azərbaycan yığmasına nə dərəcədə kömək edə bilər?
- Bidiyiniz kimi, Lüksemburqla görüşdə 10 nəfərlə qaldıq, buna baxmayaraq, azlıqda qol vurduq. Həmin görüşdən pozitiv fikirlə ayrıldım. Növbəti rəqibin də yaxşı səviyyədə oyunçuları var. Buna baxmayaraq, biz də uğurlu nəticəni hədəfləyirik.

- Evdə ilk məğlubiyyətdən sonra komandanı psixoloji cəhətdən hazırlamaq nə dərəcədə çətin oldu?
- Açığı, çox çətindir. Şəxsən mən uduzandan sonra daha istəkli oluram. Sabah meydanda daha çox çalışacağıq. Futbolçularımız azarkeşləri, yaxınlarını sevindirmək üçün meydana çıxacaqlar. Yaxşı komandamız var, onlara inanıram.

- Kipr səfəri komandalarımız üçün adətən uğurlu alınıb. Təmsilçilərimizin buradakı çıxışlarından məlumatlısınız və komandanı motivasiya edərkən bunları futbolçuların yadına salmısınız?
- Keçmişdə uğurlu çıxışlar olub, bu, faktdır. Ancaq bütün bunlar keçmişdə qalıb. Biz də çalışacağıq ki, sabah özümüzü yaxşı tərəfdən göstərək.

- Yayılan məlumata görə, kapitanlıq sarğısı Qara Qarayevə təklif olunsa da, o, bundan imtina edib. Bu nə dərəcədə doğrudur?
- Bizim iki kapitanımız var. Həm Maksimə, həm də Qaraya böyük etimadım var. İnsanlar deyir ki, məğlubiyyətdən sonra kapitan sevinir. Ancaq bu heç də belə deyil. Sadəcə, Maksim soruşurdu ki, müsahibə yaxşı alınıb? Maksim komandamızın kapitanıdır.

- İlk matçda meydana buraxdığınız heyət birmənalı qarşılanmadı. Taktiki düzülüşdə dəyişiklik gözlənilirmi?
- Lüksemburq 3 hücumçu ilə oynayırdı, bu üzdən müdafiəyəmeyilli çıxış etdik. Xüsusən də, meydanda azlıqda qaldıqdan sonra taktiki dəyişikliyə əl atmalı olduq. Taktika rəqibdən də asılıdır. Müdafidə çoxluq təşkil etsək də, 2 qol buraxdıq. Sizə maraqlıdırsa, gələcəkdə jurnalistlərlə görüşüb, taktiki düşüncələrimi onlara çatdıraram.