00:12 08-09-2020
news_image
134
FUTBOL

“Risk edərək iki hücumçu ilə oynadıq” – millimizin baş məşqçisi

"Bizim üçün çox maraqlı və çətin oyun oldu. Rəqib keyfiyyətli futbolçulara sahibdir və çox yaxşı oyun göstərdi”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç deyib.

Serbiyalı mütəxəssis Avropa çempionatının Fransa ilə seçmə oyunu barədə fikirlərini açıqlayıb: “Bu oyun üzərində işləməli olduğumuz çox məqamları göstərdi. Matça müəyyən səbəblərdən 7-8 oyunçunu çağıra bilmədim. Koronavirus pandemiyası buna mane oldu. Üstəlik, bir sıra futbolçumuz əsas komandaya dəvət aldı. Lakin bu, futboldur. Əlimizdəkilərdən maksimum yararlanmağa və performans sərgiləməyə çalışdıq. Məşqdən sonra bəzi futbolçular müəyyən qədər rəqibin nüfuzundan çəkinirdilər”.

Sumqayıtda keçirilən matçda 1:2 hesabı ilə uduzan yığmanın çalışdırıcısı bunun səbəbini açıqlayıb: “İlk yarıda topu tez-tez itirir, saxlamaqda çətinlik çəkirdik. İkinci hissədə daha yaxşı oyun sərgilədik. Risk edərək iki hücumçu ilə oynadıq. Amma yenə də xal qazanmağa gücümüz çatmadı. Bütün oyunçularıma minnətdaram. Onlara bildirdim ki, üzərində işləməli olduğumuz işlər çoxdur". (affa.az)