00:14 08-09-2020
news_image
148
FUTBOL

"Azərbaycan yığması daha yaxşı çıxış etdi" - Silven Ripoll

"Çətin oyun oldu. Xüsusən ilk yarıda oyuna nəzarət edə bildik".

Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Fransa yığmasının baş məşqçisi Silven Ripoll Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə keçirilən oyunu dəyərləndirərkən deyib.

Sumqayıtdakı qarşılaşmada komandası 2:1 hesabı ilə qalib gələn Ripoll yığmamız barədə müsbət fikirlər səsləndirib: "Hesabı açmaq üçün fasiləyədək çoxlu şansımız oldu. İkinci hissə isə bizim üçün çətin keçdi. Bu da Azərbaycan yığmasının səylərini artırması ilə əlaqədar idi. Fasilədən sonra texniki cəhətdən zəif oynadıq. Xüsusən, topun saxlanılması sarıdan çatışmazlığımız oldu. Bu gün Azərbaycan yığmasının oyununu bəyəndim. Rəqib daha yaxşı çıxış etdi. Bizim isə ikinci hissədə problemlərimiz oldu. Açığı, Azərbaycan millisinin güclü olacağını gözləyirdim. Amma İsveçrə yığması ilə də müqayisədə daha güclü oyun sərgilədilər".

Qeyd edək ki, 2-ci qrupda 6 oyun keçirən Fransa 15 xalla liderliyi İsveçrə ilə bölüşür. Millimiz isə aktivindəki 6 xalla 5-ci sıradadır.