11:21 08-09-2020
news_image
137
FUTBOL

1-ci yer şansını itirdi - millimiz

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində qrup qalibi olmaq şansını itirib.

Apasport.az saytının məlumatına görə, 2-ci qrupdakı 7-ci matçında Fransaya 1:2 hesabı ilə uduzan Milan Obradoviçin yetirmələrinin cəmi 6 xalı var.

Komandamız liderlərdən 9 xal geridə qərarlaşıb. Hərəyə 15 xala malik İsveçrə və Fransa arasında bir oyun qaldığı üçün onlardan ən azı biri millimiz üçün əlçatmazdır.

Final mərhələsinə vəsiqəyə verən birinci yerə nəzəri şansı tükənən futbolçularımızın ümidləri 2-ci pilləyədir. Çünki ən yaxşı nəticəyə malik 5 komanda da final mərhələsinə yüksələcək. Yığmamız kağız üzərində də olsa belə şansını qoruyur.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi Macarıstan və Sloveniyada baş tutacaq.