15:40 08-09-2020
news_image
257
FUTBOL

“Seçim imkanı “Qarabağ”da olacaq” – federasiya rəsmisi

“UEFA-nın qaydalarına riayət etmək lazımdırsa, o zaman oyun neytral meydanda keçirilməlidir”.

Apasport.az saytının məlumatına görə, bunu Norveç Futbol Federasiyasının Yarışlar üzrə direktoru Nils Fisketyönn deyib.

O, yerli mətbuata açıqlamasında Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutacaq “Qarabağ” – “Molde” görüşünün məkanı ilə bağlı məsələyə münasibət bildirib. Federasiya rəsmisi matçın neytral meydana salınmasının ən doğru variant olduğunu vurğulayıb. O, öncədən bəlli olan 4 ölkə - Polşa, Kipr, Yunanıstan və Macarıstan arasında seçimi “Qarabağ”ın edəcəyini söyləyib: “Görüş neytral meydana salınsa, ilk mərhələdə bu ölkələrdən birinə baxılacaq. Ev sahibi “Qarabağ” olduğundan, seçim imkanı onlarda olacaq”.

Qeyd edək ki, "Qarabağ" - "Molde" oyunu sentyabrın 16-da Bakıda keçirilməli olsa da, Norveçdə koronavirusla bağlı tətbiq edilən karantin qaydalarına görə, UEFA hələ yekun qərarını verməyib.