
Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının II turunun Kiprlə matç yığmanın tarixində 258-ci qarşılaşma olacaq.
İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 257 matça çıxıb. Hesabında 49 qələbə, 69 heç-heçə olan yığma 139 dəfə uduzub.
Nikosiyanın GSP stadionundakı qarşılaşma istənilən halda yubileylə əlamətdar olacaq. Millimiz uduzmasa, 50-ci qələbə və ya 70-ci heç-heçəsini rəsmiləşdirəcək. Məğlubiyyət isə 140-cı olacaq. Əvvəlki 257 qarşılaşmada 193 qol vuran futbolçularımız 434 top buraxıb.
Kiprlə qarşılaşma rəsmi turnirlərdə 134-cü matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 133 oyuna çıxan komanda 15 qələbə qazanıb, 27 heç-heçə edib və 91 dəfə uduzub. Rəqib qapılarına 78 qol vuran futbolçularımız 277-ni buraxıb.
Millətlər Liqasında 8-ci dəfə meydana çıxacaq yığma indiyədək 2 qələbə qazanıb, 3 heç-heçə edib və 2 dəfə uduzub. Milli 8 qol vurub, eyni sayda buraxıb.
Kiprdəki matç millimizin 2020-ci ildə ilk səfər sınağı olacaq. İlin yeganə oyununu evdə keçirən yığma Lüksemburqa 1:2 hesabı ilə uduzub. İtaliyalı baş məşqçi Canni de Byazi ilə ilk dəfə səfərə çıxan komandamız ümumilikdə onun rəhbərliyi altında 2-ci oyununa çıxacaq.
Qeyd edək ki, Nikosiyanın GSP stadionundakı Kipr – Azərbaycan matçı saat 22:45-də başlayacaq.