
21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi davam edir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı 2-ci qrupda növbəti oyun keçirilib.
Autsayderlər zonasında qərarlaşan Lixtenşteyn Gürcüstanı qəbul edib. Qonaqlar 19 və 34-cü dəqiqələrdə müvafiq olaraq Nuqzar Spanderaşvili ilə Davit Samurkasovinin qolları sayəsində səfərdən 2:0 hesablı qalibiyyətlə ayrılıb. Hər iki komandanın bir oyunçusu qırmızı vərəqə ilə cəzalandırılıb. Gürcüstandan Giorgi Mamardaşvili 45-ci, Lixtenşteyndən isə Lukas Qraber 88-ci dəqiqədə meydandan qovulub.
Bununla xallarının sayını 9-a çatdıran Gürcüstan 9 xalla 3-cü pillədə qərarlaşır. Lixtenşteyn isə 3 xalla sonuncudur.
Qeyd edək ki, dünən fransalı həmyaşıdlarına 1:2 hesabı ilə məğlub olan Azərbaycan millisi 6 xalla 5-ci pillədə yer alır.