12:13 09-09-2020
news_image
290
FUTBOL

Yarı bizdə, yarı onlarda - de Byazi hesabı bərabərləşdirdi

Azərbaycan millisi tarixində 50-ci, Canni de Byazinin baş məşqçiliyi dövründə 1-ci qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, bu, Millətlər Liqasının II turunun Kiprlə səfər matçında gerçəkləşib.

İtaliyalı mütəxəssis bu vəzifədə qələbə sevinci yaşayan 13-cü baş məşqçi olub. 1:0 hesablı yubiley qələbəsinə qədər yığmamız 12 mütəxəssisin rəhbərliyi altında qalib gəlmişdi.

Maraqlıdır ki, de Byazi legioner baş məşqçilərin yığmamızla yubiley - 25-ci qələbəsinin müəllifi olub. Bu, milli tarixindəki bütün qələbələrin tən yarısıdır. Bir sözlə, yığmamız 25 dəfə yerli, 25 dəfə əcnəbi baş məşqçilərlə sevinib.

Mütləq rekord Berti Foqtsa məxsusdur. Almaniyalı yığmanı 15 qələbəyə daşıyıb. Ümumi sıralamada 3-cü olan Robert Prosineçki 6, Karlos Alberto Torres 2, Nikola Yurçeviç de Byazi kimi 1 qələbəyə şahid olub.

Yerli mütəxəssislərin rekordçusu Vaqif Sadıqovdur – 7 qələbə. Qurban Qurbanovla Şahin Diniyev hərəyə 4, Ələkbər Məmmədovla Kazbek Tuayev 3, İqor Ponomaryov 2 dəfə yığmanın qələbəsinin memarı olub. Əhməd Ələsgərov və Əsgər Abdullayev isə 1 belə uğura sevinib.