17:00 09-09-2020
news_image
283
FUTBOL

“UEFA oyunun neytral meydançada keçirilməsinə yönəlib” – Tahir Gözəl

“Hal-hazırda yaranmış vəziyyət həqiqətən çox üzücüdür. Norveç tərəfinin bəlli ədalətsizliyi bizi həqiqətən məyus edir”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl klubun rəsmi saytına açıqlamasında deyib.

Klub rəhbəri Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç təmsilçisi “Molde” ilə keçiriləcək oyunun məkanının dəyişdirilməsi variantına münasibət bildirib.

O, hadisələrin norveçlilərin lehinə işlədiyini söyləyib: “Bu məsələdə “Qarabağ” tərəfi sonuna qədər haqlı olsa da, UEFA Norveç tərəfinin haqsız inadkarlığı nəticəsində oyunun neytral meydançada keçirilməsinə yönəlib. Biz hər zaman ədalətli oyunun tərəfdarı olmuşuq. Əgər püşk bizi Norveçdə oynamağa göndərsəydi, məmnuniyyətlə bunu edərdik. Amma görünən odur ki, qarşı tərəf fərqli bəhanələrlə Azərbaycana gəlməkdən qaçaraq neytral meydanda çıxış etmək istəyir. Biz nə texniki məğlubiyyət, nə də texniki qələbə istəyirik”.

Gözəl bildirib ki, görüş neytral meydana salınsa, “Qarabağ” bundan imtina etməyəcək: “AFFA rəhbərliyi ilə müzakirələrimiz nəticəsində qərara gəldik ki, qarşılaşmanın 3-cü ölkədə keçirilməsi haqqında qərar verilsə, buna razı olaq. Buna səbəb bizim futbolu bir idman kimi, bunun masa arxasında deyil, yaşıl meydanda olan bir oyun kimi görməyimizdir. Mən komandama inanıram. Və bu qarşılaşmanın yaşıl meydanda qazanılmasını arzulayıram. Qərar nə olursa-olsun, komandamın yanındayam və sona qədər dəstəyimi əsirgəməyəcəyəm”.

Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu Bakıya salınsa da, Norveç klubu koronavirusla bağlı ölkədə tətbiq edilən karantin rejimini əsas gətirərək, matçın neytral meydanda keçirilməsini tələb edib. UEFA bununla bağlı hələlik qərarını açıqlamayıb.