23:32 11-09-2020
news_image
221
FUTBOL

"Bizə belə futbolçu lazım deyil" - Yunis Hüseynov Kristovaonun "qələmini qırdı"

“Maraqlı oyun alındı. "Qarabağ” Azərbaycanın ən yaxşı komandalarından biridir”.

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının II turunda “Qarabağ”la keçirilən oyunu dəyərləndirərkən deyib.

Mövsümə qələbə ilə başlayan çempionatın bürünc mükafatçısı son çempionla dueldən heç-heçə ilə (0:0) ayrılıb.

Oyunsonrası mətbuat konfransında Hüseynov fikrini bu sözlərlə davam etdirib: “Oyuna ciddi hazırlaşmışdıq. Məqsəd 3 xal qazanmaq idi. Narazılığım yoxdur. Komandamız belə döyüşkən oyun göstərsə, yaxşı yerlər uğrunda mübarizə apara bilərik".

- “Laçi” ilə oyundakı “Keşlə” ilə indiki arasında böyük fərq var idi...

- Avrokubok matçı 1 oyundan ibarət olur. Onda istək həddən artıq idi. Həmin matçda komandamız pis təsir bağışlamamışdı. Sadəcə, imkanlardan yararlana bilməmişdik. Epizodlardan biri qol olsaydı, indi fərqli danışardıq, deyərdik ki, “Laçi”yə qarşı da yaxşı çıxış etmişdik. Uşaqlara demişəm ki, hər matç bizim üçün final xarakteri daşımalıdır. Komanda bunu dərk edir. Bu gün də özlərini yaxşı tərəfdən göstərdilər. Getdikcə oyunumuz inkişaf edəcək.

- Aleksandr Kristovao "Keşlə"də kimin əlindən qaçıb?

- Heç kimin əlindən qaçmayıb. Son iki matçda əsas heyətdə oynamışdı. Heç kimə demədən özü bilet alıb, gedib. Səbəbini bilmirəm. Yəqin ki, ailəsini görmək üçün gedib. Amma bunun üçün icazə almaq lazımdır. İcazəsiz komandanı tərk edib, bizim xəbərimiz olmayıb. Mən də məsələ qaldırmışam ki, bizə belə futbolçu lazım deyil. Komandada icazəni baş məşqçidən alırlar. Mənə heç nə deməyib. Deməli, komanda onun üçün heç bir önəm kəsb etmir.

- Gəlib üzr istəsə, onu bağışlaya bilərsiniz?

- Xeyr.

- Yüksək yerlər uğrunda yarışacağınızı dediniz, niyə çempion olmaq yox?

- Yaxşı yerlərdən biri ilk “3-lük”də qərarlaşmaqdır. Bunun içində çempionluq da var. Bu, futboldur. Niyə də çempion olmayaq?! Çempionluğa oynayırıq. Bunun nə dərəcədə alınacağını oyunlarımız göstərəcək. Bütün oyunlara final matçı kimi yanaşsaq, alına bilər. 

- Bu gün komandanın sanki əlavə motivasiyası var idi. Oyundan əvvəl hansı cümlələri demişdiniz?

- Bunlar mənə aid olan cümlələrdir ki, futbolçular meydana çıxıb canlarını qoyurlar.

- Ehtiyat oyunçular skamyasında yaşlı futbolçularınız var. Onları sizin "qanadlarınız" adlandırmaq olar?

- Təcrübəli futbolçular baş məşqçiyə dayaqdır. Onlar mənə dəstək olurlar. Bu da böyük şeydir. Futbolçunun pasportu meydandadır.