23:24 11-09-2020
news_image
312
FUTBOL

"Bu onun beynində qalıb" - Qurban Qurbanov

“Heç də asan olmadı. Qalib gəlmək istəyirdik, 1 xal qazandıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının II turunda “Keşlə” ilə keçirilən səfər oyunu barədə danışarkən deyib.

Sentyabrın 16-da Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprdə “Molde” (Norveç) ilə qarşılaşacaq Ağdam təmsilçisi bürünc mükafatçı ilə “ASK Arena”dakı matçda qolsuz bərabərə qalıb.

Qarşılaşmadan sonrakı mətbuat konfransında Qurbanovun heç-heçə şərhi belə olub: “Futbolçular çox əziyyət çəkdilər. Motivasiyası yuxarı olan komandaya qarşı oynadıq. Hər bir futbolçumuza qaşrı sərt oynayırdılar. Bu məni sevindirdi. Uzun müddətdən sonra istədiyimiz oyunu göstərməkdə çətinlik çəkirdik. Bu görüşü burda saxlayıb, qarşıdakı matçlara hazırlaşmalıyıq. 5 gün sonra “Molde” ilə qarşılaşacağıq. Ümid edirəm ki, həmin matçda daha yaxşı formada olacağıq".

- Xayme Romeronu meydanda görmədik. Bədavi Hüseynovu erkən əvəzlədiniz, Mahir Emreli isə zədələndi...

- Bədavidə ehtiyatlandıq. Yorğunluğu var idi. Bədavini meydanda saxlaya bilərdik, amma risk etmək istəmədik. Mahirin əvəzlənməsi planlarımıza daxil deyildi. Xayme isə son iki gündə əvvəlki kimi məşq edib. Sabah və ya biri gündən komanda ilə məşqlərə qoşulacaq. Qarşıdakı oyuna tam hazır olmayacaq. Mahirin zədəsi ciddi görünür. Sərt zərbə aldı və ayağı burxuldu. Sabah dəqiq biləcəyik.

- UEFA-nın “Molde” ilə matçı neytral meydana salması komandanın motivasiyasına necə təsir edir?

- Motivasiya yüksək olmalıdır. Belə qərarlar bəzən motivasiya yüksəldir verir, bəzən də əksi baş verir. Belə qərar verilməsəydi, daha rahat olardı. Bizə təsir edən odur ki, oyuna az vaxt qalmış belə qərar oldu. Düşünürdük ki, matç Bakıda olacaq. Ora getməklə bağlı bəzi məsələlər var ki, zaman istəyir. Ancaq sonra belə qərar verildi. Başqa çıxış yolumuz yoxdur. Komandaya yüksək motivasiya verməyə çalışırıq. Bəzən də bu, futbolçulara mane olur və komandaya ziyan verir. Motivasiya olsun, amma bizə lazım olan qədər. Buna da şübhəm yoxdur.

- İlk hissədə rəqibin iki yaxşı qol imkanı var idi. Şahruddin Məhəmmədəliyev bunların birindən sonra dedi ki, uşaqlar, qol buraxmamış oynamayacaqsınız? Buna münasibətiniz necədir?

- Haçansa ola bilər ki, belə hal yaşanıb və onun beynində qalıb. Məncə, normaldır. Futbolda belə şeylər olur. Bəlkə də, bunun faydası olub. Belə iradlar da lazımdır.

- “Molde” “Qarabağ”la oyun üçün 8 hücumçu sifariş edib..

- Hücumçuları çoxdur, amma meydanda 1, 2 və ya 3 hücumçu olacaq. Buna uyğun hazırlaşacağıq. Ola bilər ki, hansısa cavan oyunçuları var. Bu məsələni çox düşünməyəcəyik. Meydana çıxacaq oyunçulara qarşı düzgün oyun qurmağa çalışacağıq.

- Qurban Qurbanovun oğlu yox, futbolçu Musa Qurbanovu bu mövsüm meydanda görə bilərikmi?

- Ola bilər. Eləcə də digər gənc futbolçularımız oynaya bilər.

- Yaxın günlərdə yeni transfer olacaq?

- Hazırda belə bir futbolçu yoxdur. Danışıq apardığımız futbolçular çox idi, ancaq indi say azalıb. İnanmıram ki, tezliklə yeni trensfer olsun.