17:26 11-09-2020
news_image
266
FUTBOL

“Tənqidə görə təqib yolverilməzdir” – AİJA bəyanat yaydı

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) AFFA-nın İcraiyyə komitəsinin üzvü, futbol veteranı Kazbek Tuayevin jurnalist Elvin Kərimov haqda açıqlamasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, qurum Tuayevin Rusiyanın “Matc TV” kanalında çalışan həmkarımızı tənqid etməsini və telekanal rəhbərliyindən onun Azərbaycan komandalarının oyunlarında şərhçilik etməsinə qadağa qoymaq istəyini pisləyib.

AİJA-nın bəyanatında bildirilir ki, Tuayevin açıqlaması cəmiyyətdə böyük narazılıqla qarşılanıb: “O, media vasitəsilə Kərimovun çalışdığı telekanalın rəhbərliyinə şikayətlənərək bir daha komandalarımızın oyunlarında şərhçilik etməməsini istəyib. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası olaraq milli komandamızın Lüksemburqa biabırçı məğlubiyyətinə və bərbad oyununa görə Kazbek Tuayevin çalışdığı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyini haqlı tənqid edən şərhçiyə qarşı təzyiqi pisləyirik”.

Bəyanatda vurğulanıb ki, Kazbek Tuayevin fikirləri etik qaydalara uyğun deyil: “Tuayev unudub ki, artıq uzun illərdir müstəqil, hüquqi və demokratik bir dövlətdə - Azərbaycan Respublikasında yaşayır. Bu cür açıqlamaları ilə fikir plüarizminə, söz və ifadə azadlığına, Azərbaycanın beynəlxalq imicinə xələl gətirən qocaman futbol adamının özündən 50 yaş kiçik, ölkəmizdən kənarda Azərbaycanın adını ucaldan, Rusiya Federasiyası kimi nəhəng ölkədə ən yaxşı 10 idman şəhçisindən biri seçilən gənc jurnalist haqda açıqlamasında yer alan fikirlər etik baxımdan da heç bir çərçivəyə sığmır”.

Assosiasiya bununla bağlı AFFA-nı araşdırma aparmağa çağırıb: “AFFA rəhbərliyi Elvin Kərimov haqda təhqiramiz fikirlər səsləndirən, öz qabiliyyət və bacarığı ilə Rusiyada tanınan bir azərbaycanlı gənc jurnalisti çalışdığı televiziya kanalının rəhbərliyinə şikayət edən Kazbek Tuayevə Azərbaycan Futbol Veteranları İttifaqı adından danışmaq hüququnun kim tərəfindən verildiyini araşdırmalıdır. Özünü, AFFA-nı və ölkəmizi lağlağı obyektinə çevirən 80 yaşlı Tuayevi təqaüdə göndərməyin vaxtı çoxdan çatıb. Kazbek Tuayev isə Azərbaycan dilini öyrənəndən sonda uzun illərdir rəhbərlik etdiyi, dövlət büdcəsindən maliyyələşən İxtisaslaşdırılmış Uşaq Gənclər Olimpiya Ehtiyatları Məktəbininin yarıtmaz fəaliyyəti haqda danışsa və öz işinə ciddi münasibət göstərsə daha məntiqli olar”.