12:16 12-09-2020
news_image
252
FUTBOL

“Neftçi” uğursuz məkanı seçdi – qələbəyə həsrət arena

Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” – “Qalatasaray” oyunu Azərbaycan klubları üçün uğursuz məkanda keçiriləcək.

Apasport.az saytının məlumatına görə, öncədən “Bakcell Arena”ya planlaşdırılan matçın yeri dəyişdirilərək Bakı Olimpiya Stadionuna salınıb.

Ölkənin tutumuna görə ən böyük idman arenası isə avrokuboklarda uğursuz yerdir. Belə ki, indiyədək burada ölkəmizin yalnız bir klubu beynəlxalq matçına çıxıb və qələbə qazanmayıb.

Son illərin dəyişməz çempionu və avrokubokların qrup mərhələsinin daimi iştirakçısına çevrilən “Qarabağ” bu stadionda 6 görüş keçirib. İki dəfə - Çempionlar Liqasının qrupuna düşdüyü 2017/18 mövsümündə və növbəti il gerçəkləşən Avropa Liqası turnirində Qurban Qurbanovun yetirmələri rəqiblərini burada qəbul edib.

3 il öncə “Roma”ya (İtaliya) 1:2, “Çelsi”yə (İngiltərə) 0:4 hesabı ilə uduzan Ağdam klubunun yeganə təsəllisi “Atletiko” (İspaniya) ilə qolsuz heç-heçə olub. Növbəti il Avropa Liqasının qrupunda isə təsəlli də qeydə alınmayıb. “Arsenal”dan (İngiltərə) üç, “Vorskla”dan (Ukrayna) bir cavabsız qol buraxan “Qarabağ” “Sportinq” (Portuqaliya) önündə darmadağına üzülüb – 1:6.

Bir sözlə, Bakı Olimpiya Stadionunda baş tutan 6 avrokubok matçında Azərbaycan təmsilçisi üçü böyükhesablı olmaqla 5 məğlubiyyət alıb. Cəmi bir heç-heçəsi olan klublarımız 2 qol vurub, 16-nı buraxıb.

Arenanın bu uğursuz statistikası “Neftçi” üçün bir tərəfdən düşərli olmayan arena sindromu yaradırsa, digər tərəfdən burada ilk qələbənin müəllifi kimi tarixə düşmək stimulu verir. Azərbaycan klublarının stadiondakı 7-ci sınağında xoşbəxt rəqəmi ilk uğurla bəzəmək olar. Amma rəqibin gücü və “Sumqayıt”la dünənki görüşdəki (0:2) bərbad oyun Bakı Olimpiya Stadionundakı qələbə həsrətinin bitməsinə inamı xeyli azaldır.

Qeyd edək ki, Azərbaycan və Türkiyənin ən titullu klublarının dueli sentyabrın 17-də baş tutacaq.