14:19 14-09-2020
news_image
206
FUTBOL

Yenidən PFL prezidenti seçildi – Ramin Musayev

Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının prezidenti postuna növbəti seçki keçirilib.

Apasport.az saytının məlumatına görə, seçkidə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak ediblər.

Tədbirdə “Qarabağ”ı direktor Əmrah Çəlikəl, “Neftçi” və “Qəbələ”ni müvafiq olaraq prezidentlər Kamran Quliyev və Fariz Nəcəfov, “Keşlə” və “Sabah”ı baş menecerlər Eldəniz Yusubov və Nəsimi Musayev, “Zirə” və “Səbail”i icraçı direktorlar Cahangir Məmmədov və Fərəc Əliyev təmsil ediblər.

“Sumqayıt”ı təmsil etməli olan nümayəndə tədbirdə iştirak edə bilməsə də, rəsmi məktubla seçimini indiki prezidentin lehinə edib.

Nəticələrə əsasən Peşəkar Futbol Liqasının hazırkı prezidenti Ramin Musayev növbəti 4 ildə də eyni postda fəaliyyət göstərəcək. Belə ki, klub nümayəndələri yekdilliklə Ramin Musayevin yenidən seçilməsinin lehinə səs veriblər.

Qeyd edək ki, Ramin Musayev PFL yaranandan – 2008-ci ildən bəri prezident səlahiyyətlərini icra edir.