15:17 14-09-2020
news_image
176
FUTBOL

PFL yeni turnir keçirəcək – mükafat ayrılacaq

“Yeni sponsor məsələsi yaxın vaxtlarda alınmalıdır”.

Bunu apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Qurum rəhbəri yeni sponsor məsələsi ilə bağlı danışıqların davam etdiyini bildirib. Musayev hətta razılıq əldə olunacağı təqdirdə, yerli komandalar arasında turnir təşkil edəcəklərini də söyləyib: “Əgər yeni sponsorla müqavilə bağlaya bilsək, gözəl bir turnir keçirmək istəyirik. Çünki futbolçular nə qədər çox oynasalar, bir o qədər faydalı olar. Turniri çempionatda yaranmış fasilə zamanı təşkil etməyi planlaşdırırıq. Bu, yanvarda və ya yay aylarında da ola bilər. Komandalar bəzən yoxlama görüşü keçirməyə rəqib tapa bilmirlər. Həmin vaxta elə-belə yox, faydalı, maraqlı turnir salmaq fikrimiz var”.

O, təşkil olunacaq turnirin mükafat fonduna malik olacağını da vurğulayıb: “Sponsor problemi həllini tapsa, keçirəcəyimiz turnirdə qalibə mükafat da ayrılacaq. Bu, müxtəlif formada ola bilər. Məsələn, qalib komandanın bütün üzvlərini bir həftəlik harasa göndərmək olar. Yəni stimul olmalıdır. Çünki idmanda maraq olmadıqda, həmin yarış effekt vermir”.