15:42 14-09-2020
news_image
341
FUTBOL

“Qarabağ” ölkədən kənarda daha yaxşı oynayır” – Ramin Musayev “Neftçi”dən sürpriz gözləyir

“Həm “Qarabağ”a, həm də “Neftçi”yə avrokuboklarda uğurlar arzulayıram. Ümid edirəm ki, hər iki komandamız mərhələ adlayar və azarkeşləri sevindirər”.

Bunu apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev “Qarabağ” və “Neftçi”nin avrokuboklardakı şanslarını dəyərləndirərkən deyib.

Qurum rəhbəri Çempionlar Liqasının III təsnifat mərhələsində “Molde” ilə qarşılaşacaq “Qarabağ”ın qələbə qazanmaq şansının çox olduğunu düşünür: “Mənə elə gəlir ki, “Qarabağ” ölkədən kənarda daha yaxşı oynayır. İnanıram ki, bu komanda əvvəlki illərdəki kimi, bu mövsüm də Azərbaycan futbolsevərlərini, “Qarabağ” azarkeşlərini avrokuboklardakı nəticələri ilə sevindirəcək”.

Musayev Bakıda baş tutmalı olan “Qarabağ” – “Molde” görüşünün sonradan Kiprə salınmasına da münasibət bildirib: “Qanun hamı üçün eynidir. Qanunda nə deyirsə, UEFA da ona uyğun qərar verdi. Norveç təmsilçisi ölkəyə döndüyü zaman problemlə üzləşəcəyi üçün oyun məcburiyyətdən neytral meydana salındı. Özümüzü “Molde” klubunun yerinə qoyaq. Əgər bizim ölkədə də onlardakı kimi qanun olsaydı, komanda qayıtdıqdan sonra karantin tətbiq edilsəydi, o zaman görüş neytral meydana salınmalı idi. Fikrimcə, eyni hal “Qarabağ”ın başına gəlsəydi və UEFA-ya analoji müraciət ünvanlansaydı, qitə futbol qurumu eyni qərarı verəcəkdi”.

57 yaşlı futbol funksioneri “Qarabağ”ın alternativ ölkələr arasından Kiprə üstünlük verməsinə də aydınlıq gətirib: “Qarabağ”ın Kipri seçməyinin bir çox səbəbi var. Həm hava şəriti uyğundur, həm bizə daha yaxın, rəqibə uzaqdır. “Qarabağ” rəhbərliyinin, məşqçilərinin bu seçimini alqışlayıram”.

Musayev Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Qalatasaray” qarşılaşmasına da toxunub. O, Türkiyə klubunun favorit göstərilməsinə baxmayaraq, Azərbaycan təmsilçisinə güvəndiyini söyləyib: “Neftçi” – “Qalatasaray” oyunu maraqlı olacaq. Düzdür, “Qalatasaray”ın “Neftçi”dən reytinqdə çox irəlidə olduğu üçün qalib gələcəyini düşünənlər var. Ancaq futbolda sürprizlərlə tez-tez üzləşirik. Kənardan baxanda, bəlkə də, “Neftçi”də vəziyyətin yaxşı olmadığı düşünülür. Lakin komanda daxilində ab-hava fərqlidir. “Neftçi”nin adı, zəhmi bəs edər. Üstəlik, avrokubok matçlarında futbolçuların motivasiyası fərqli olur”.

PFL rəhbəri Türkiyədə ən çox simpatiya bəslədiyi komandanın “Qalatasaray” olduğunu da etiraf edib: “Türkiyədə sevdiyim komanda “Qalatasaray”dır. Azərbaycanda isə deməyə ixtiyarım olmasa da, “Neftçi” azarkeşiyəm. Körpəlikdən bu komandanın fanatı olmuşam. Təbii ki, öz komandamızın, “Neftçi”nin mərhələ keçməsini arzulayıram”.

Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu sentyabrın 16-da Larnakanın “AEK Arena”, “Neftçi” – “Qalatasaray” görüşü isə ertəsi gün Bakı Olimpiya Stadionunda keçiriləcək.