13:01 15-09-2020
news_image
659
FUTBOL

“Qarabağ”ın Kipr sınağı – 11 il sonra...

Azərbaycan çempionu “Qarabağ” sabah növbəti avrokubok matçını keçirəcək.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında mübarizə aparan Ağdam təmsilçisi III təsnifat mərhələsinin oyununa çıxacaq.

Çempionlar yolunda qüvvəsini sınayan Qurban Qurbanovun yetirmələri Norveç klubu “Molde” ilə görüşəcək. Bu, “Qarabağ”ın Çempionlar Liqasında bir oyundan ibarət son mərhələ görüşü olacaq.

Təmsilçimiz pley-offa yüksəlsə, artıq bu raundda rəqibi ilə iki dəfə üz-üzə gələcək. Yeri gəlmişkən, “Qarabağ” – “Molde” oyununun qalibi “Ferensvaroş” (Macarıstan) – “Dinamo” (Xorvatiya) cütündə sevinən tərəflə görüşəcək. Ağdamlılar norveçliləri keçsə, növbəti mərhələdə ilk matçı evdə oynayacaq. Əks halda isə Avropa Liqasının pley-offuna yollanacaq Qurbanovun komandası bir oyunluq dueldə bəxtini sınayacaq.

“Molde” “Qarabağ”ın qəbul edəcəyi üçüncü rəqibdir. Azərbaycan çempionu ilk iki raundda Şimali Makedoniyanın “Sileks” klubunu 4:0, Moldova “Şerif”ini 2:1 hesabı ilə yenib. Lakin həmin qarşılaşmalar Bakıda baş tutub.

Bu dəfə təmsilçimiz rəqibini Azərbaycandan kənarda qəbul edəcək. Daha çox neytral meydan xarakteri daşıyan matç Kiprdə təşkil olunacaq. Görüşə meydan sahibi kimi çıxacaq “Qarabağ” ardıcıl 3-cü rəqibini də mübarizədən kənarlaşdırmaq üçün mübarizə aparacaq. 
Norveç çempionu koronavirus pandemiyası ilə bağlı yaranan problem üzündən Azərbaycana gələ bilmədiyi üçün Kiprdəki “AEK Arena”nın qonağı olacaq. Azarkeşsiz keçirilən matçı serbiyalı hakimlər idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

2009-cu ildə Qurbanovun baş məşqçiliyi altında Avropada ilk sınağına çıxan “Qarabağ” qitə səhnəsindəki uğurlara “Rusenborq”u mübarizədən kənarlaşdırmaqla başlamışdı. 11 il sonra digər Norveç klubunu sınağa çəkəcək təmsilçimiz şimallılara eyni aqibəti yaşatmaq əzmindədir.

Qeyd edək ki, Çempionlar Liqasında növbəti mərhələnin oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək. 

Çempionlar Liqası
Çempionlar yolu, III təsnifat mərhələsi
16 sentyabr
21:00. “Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç)

Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixayloviç, Novak Simoviç (hamısı Serbiya)
Larnaka (Kipr). “AEK Arena”